Konfrans Liqasındakı iki təmsilçimizdən biri – “Zirə” Gürcüstanda meydana çıxacaq.
Ötən həftə Sumqayıtda Kutaisi “Torpedo”sunu darmadağın edən (3:0) “qartallar” bu dəfə cavab qarşılaşmasına çıxacaq.
İlk oyunda qeydə alınan nəticə qəsəbə təmsilçisinin düşərgəsində əhval-ruhiyyəni yüksəldib.
Digər sevindirici məqam komandada zədəli və cəzalı futbolçuların olmamasıdır. Kollektiv tam heyətlə gürcülərlə qarşılaşmaya hazırlaşır.
Cəzalı demişkən, ilk oyunda iştirak edə bilməyən Guima bu dəfə “Zirə”yə kömək edəcək.
Mozambik millisinin də şərəfini qoruyan 30 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Hayduk”la matçda aldığı qırmızı vərəqəyə görə “Torpedo” ilə ilk görüşdə iştirak edə bilməmişdi. Bu dəfə oynaya biləcək.
Ayron Qomisin komandanı tərk etməsindən sonra yarımmüdafiənin mərkəzində yaranmış boşluğu Guimanın hesabına doldurmaq Rəşad Sadıqovun işini asanlaşdırır.
İyulun 16-da Ramaz Şengeliya adına Kutaisi şəhər stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

