Konfrans Liqasında mübarizə aparan “Zirə” növbəti mərhələyə hazırlaşa bilər.
Söhbət təkcə ilk oyunda qeydə alınan 3:0-ın yaratdığı üstünlükdən getmir.
Önəmli məqamlardan biri həm də zirəlilərin Kutaisi səfərində özünü qonaq kimi hiss etməyəcəyidir.
Niyə?
Ona görə ki, “Torpedo” avrokuboklardakı çıxışları zamanı “ev”lə müqayisədə səfərdə daha uğurlu görünür.
Adətən, komanda doğma divarlar arasında daha inamlı görünür, azarkeşlərin dəstəyi sayəsində vacib qələbələr qazanır, ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağı bacarır.
“Torpedo”da belə bir ənənə yoxdur.
Uzaq keçmişə boylanmağa gərək yoxdur. Təkcə son 3 mövsümə nəzərə salanda, gürcülərin doğma meydan kabusu üzə çıxır.
2023 /24
Torpedo – Sarayevo (Bosniya və H.) – 2:2
Torpedo – Aktobe (Qazaxıstan) – 1:4
2024/25
Torpedo – Tirana (Albaniya) – 1:1
Torpedo – Omoniya (Kipr) – 1:2
2025/26
Torpedo – Ordabası (Qazaıxıstan) – 4:3
Torpedo – Omoniya (Kipr) – 0:4
“Omoniya”ya yenilgiləri haradasa başa düşmək olar. “Qəbələ” və elə həmin “Zirə”nin sayəsində Kipr komandasının nəyə qadir olduğunu görmüşük.
Lakin Bosniya, Albaniya, Qazaxıstan kimi ölkələrin ortabablarına Ramaz Şengeliya adına Kutaisi şəhər stadionunda qalib gələ bilməmək...
“Torpedo” öz azarkeşlərinin qarşısında keçirdiyi son 6 qarşılaşmanın yalnız 1-də qalib gəlməklə 2 dəfə heç-heçə edib və 3 dəfə məğlubiyyət acısı yaşayıb.
“Zirə”yə bundan artıq nə lazımdır? Ardıcıl ikinci qələbə.
İyulun 16-da baş tutacaq cavab görüşünün start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

