"Zirə"nin sabiq məşqçisi Eltun Yaqublu yenidən bu klubda çalışmağa başlayıb.
O, yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib.
Tərəflər arasında 2 illik müqavilə bağlanıb.
E.Yaqublu 2020-2025-ci illərdə "Zirə"də məşqçi kimi fəaliyyət göstərib.
Köhnə klubuna qayıdan mütəxəssis aylıq 10 min manat maaş alacaq. düşərgəyə gətirəcəyi hər oyunçunun müqavilə haqqından ona 10 faiz ödəmə ediləcək.
Üstəlik, komandanın qazanacağı hər qələbəyə görə mükafat alacaq.
Bu, 1 illik aradan sonra rəsmiyyət qazanan dönüşün maddi-texniki yönüdür. İndi gələn işin peşəkar və mənəvi tərəfinə.
Yaxşı olardı ki, "Zirə" Skautinq Departamentinin yaradılmasını, Eltun Yaqublunun isə ora rəhbər təyin olunmasını açıqlamazdı.
"Qarabağ" və "Şəfa"nın onlardan inciyə biləcəyini nəzərə almayıblar. Yaxud heç nədən xəbərləri yoxdur.
Məsələn, bilmirlər ki, Yaqublu "Zirə"nin maaşlı əməkdaşı olduğu halda, yuxarıda adlarını çəkdiyimiz klublara da oyunçu "ötürür". Hərəsi ondan 1 legioner alıblar. Axı bu, nə dərəcədə düzgündür?
Çoxlarına bəlli olmasa da, idman mediasının müəyyən kəsiminə bəllidir ki, Yaqublu ötən ilin yayında qəsəbə təmsilçisini niyə tərk edib.
Ora-bura baş vurdu, "Neftçi" və "Kəpəz"dən xəbəri gəldi, axırda yenə yalnız Rəşad Sadıqov ona qapını taybatay açdı. Sözsüz, bir başqası olsaydı, belə bir jest etməzdi, mərhəmətli davranmazdı.
Sadıqovun ürəyi, doğrudan da, böyükdür. O boyda narazılıqdan, giley-güzardan, inciklikdən sonra bu cür davranışı yalnız Sadıqov edə bilərdi.
Kim olsa, onu yarıyolda tək buraxıb gedən, yorulduğunu bəhanə eləyən köməkçisini bir daha öz çevrəsini almaz.
Eltun Yaqublu Rəşad Sadıqovun növbəti dəfə ona uzatdığı əldən bu dəfə möhkəm-möhkəm yapışmalı, bir daha buraxmamalıdır, qiymətləndirməlidir.
Üç-beş manat əlavə pul xatirinə qeyri-peşəkar yön tutmamalıdır, "Zirə"nin maraqlarını hər şeydən üstün tutmalıdır.
"Zirə"dən maaş ala-ala başqa klubları, onun rəqiblərini gücləndirmək nə dərəcədə düzgündür? Bu, hansı peşəkarlığa sığır?
Rəşad Sadıqovun simpatiyasını hər addımda hiss edib, görüb deyə, beləmi etməlidir? Sabah həmin futbolçular "Zirə"yə qol vursa, komandanın avrokubok yolunu bağlasa, Yaqublu çörəyini yediyi klubun baş məşqçisinin, rəhbərliyinin üzünə necə baxacaq?
Ümumiyyətlə, baxa biləcəkmi? Allah saxlamış, nəfsini bir az bas da…
MUSA

