Konfrans Liqasındakı təmsilçimiz “Zirə” səfərə hazırlaşır.
1-ci mərhələnin ilk oyunu çərçivəsində Sumqayıtda “Torpedo Kutaisi”ni darmadağın edən (3:0) “qartallar” komandası bu dəfə Gürcüstanda meydana çıxacaq.
Məsafə və iqlim yaxınlığına baxmayaraq, “qartallar” qonşu ölkəyə oyundan iki əvvəl yola düşəcək.
Bu, Rəşad Sadıqovun qərarıdır. 44 yaşlı mütəxəssis komandanın yerli mühitə və meydana alışması üçün səfərə iki gün əvvəl yollanmağı məqsədəuyğun sayıb.
Digər maraq doğuran məqam “Zirə”nin çarter reysindən istifadə etməsidir. Qəsəbə təmsilçisinin uzaq Avropa səfərləri zaman tranzit reysdən yararlandığı halda, bu dəfə təyyarə kirayələməsi xoş hal kimi qiymətləndirilə bilər.
Bir sözlə, mərhələni keçəcəyinə ümid etdiyimiz kollektiv Bakıdan birbaşa Kutaisiyə uçacaq və şəhərin dəbdəbəli məkanlarından olan “Kutaisi İnn” otelində məskunlaşacaq.
Yeri gəlmişkən, iyulun 16-da Ramaz Şengeliya adına stadionda keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Meydan sahibləri UEFA-nın tələblərinə uyğun olaraq qonaq komandaya 10 min azarkeş tutumuna malik stadionun 5 faizi qədərində, yəni 500 bilet ayıracaq.
HƏBİB / SPORTİNFO.AZ

