"Zirə" tarix yazmağın astanasındadır.
Rəşad Sadıqov baş məşqçi kimi avrokuboklardakı ikinci cəhdincə komandanı pley-off mərhələsinə daşıya bilər.
Bunun üçün "qartallar" ilk matçda bərabərə qaldığı "Osiyek"in Bakıda da öhdəsindən gəlməlidir.
Səfərdəki sərfəli bərabərlik (1:1) təmsilçimizin şanslarını kifayət qədər artırıb.
Əbəs deyil ki, futbol ictimaiyyət Konfrans Liqasındakı digər təmsilçimiz "Sabah"a nisbətdə "Zirə"yə daha çox inanır.
Komandanın yarımmüdafiəçisi Ceyhun Nuriyev də Sportinfo.az-a açıqlamasında bu inamı doğrultmağa çalışacaqlarını bildirib:
"Bizə inananlara təşəkkür edirəm. Çətin oyun olacaq.
"Sabah"la son oyunda qalib gəlmək də önəmliydi. İndi Konfrans Liqasındakı oyunumuz barədə rahat düşünə bilirik.
Lakin Xorvatiya futbolunun gücü bizə məlumdur. "Osiyek" bərk kollektivdir.
Səbrsizliklə matçı gözləyirik. İnamımız böyükdür. İnşallah, azarkeşlərimizi sevindirəcəyik".
“Zirə” – “Osiyek” matçı bu gün 20:0-da “Liv Bona Dea Arena”da keçiriləcək.
XANOĞLAN