Premyer Liqanın 2-ci turunun "Sabah" - "Zirə" matçından (0:2) sonra qonaqların yarımmüdafiəçisi Ceyhun Nuriyev Sportinfo.az-a açıqlama verib.
O, ilk olaraq qarşılaşma ilə bağlı təəssüratlarını bizimlə bölüşüb.
- Bu iki komanda arasında oyunlar hər zaman gərgin olur. "Sabah"ın formasını geyinəndə də buna şahid olmuşam. Bu dəfə iki tərəf üçün də mübarizə aparmaq ağır idi. Çünki 2 gün əvvəl səfərdə oyun keçirmişdik. Düşünürəm ki, maraqlı oyun oldu. İlk hissə bərabər səviyyədə keçdi. İkinci yarıya yaxşı başladıq və qısa müddətdə 2 qol vura bildik. Məncə, layiqli qələbə qazandıq.
- Mövsümə əla başlamısınız. Hər iki cəbhədə də qarşısıalınmaz "Zirə" görürük. Bunun sirri nədədir?
- Hədəflərimiz böyükdür. Şükür Allaha bu yolda yaxşı başlamışıq. Xüsusi sirri yoxdur. Sadəcə çox mehriban kollektivimiz var. Ən pis gündə də bir olmağı bacarırıq. Nə istədiyimizi bilirik.
- Sualı bir az da konkretləşdirək, rəqiblər münasibdir, yoxsa "Zirə" çox güclənib?
- Rəqiblər barədə zəif sözünü demək olmaz. Məsələn, "Sabah" "Makkabi" kimi kollektivi avrokuboklardan kənarlaşdırıb. Gücləri hamıya məlumdur. Bu gün "Sabah" kimi komandanı səfər udub, "Osiyek"lə bərabərə qalıb, Slovakiya təmsilçisinə 6 qol vururuqsa bu "Zirə"nin gücündən xəbər verir. Məncə, "Zirə" çox güclüdür.
- "Osiyek"lə ilk matçda rəqib sənin top itkindən sonra fərqləndir. Çox tənqid olunduğun epziodu necə şərh edərdin?
- Oyun epizodunda belə hallar yaşanır. Gələcəkdə də ola bilər. Təki olmasın. Tənqidlər hər zaman olacaq. 4 gün sonra qol vuranda hər kəs tərifləyəcək. Futbolda belə şeylər normaldır. Mənə psixoloji olaraq mənfi təsir etmədi.
- Rəşad Sadıqovun güvəndiyi isimlərdənsən. Maraqlıdır, onun ciddi iradı oldumu?
- Bəli, baş məşqçi mənə güvənir. Xeyr, xüsusi bir tənqidi olmadı. Elə epizod idi ki, xüsusi tənqidə də ehtiyac yox idi. Adi oyun epizodu idi. Top ayağımdan qaçdı və yekunda qolla nəticələndi.
XANOĞLAN İMANOV

