“Bundan sonra keçmişə boylanmaqla heç nə düzəlməyəcək” - Niyə bu hala düşdülər?

12 Fevral 23:40 Zirə 260
“Bundan sonra keçmişə boylanmaqla heç nə düzəlməyəcək” - Niyə bu hala düşdülər?

Mövsümün əvvəlində Premyer Liqada “Zirə” fırtınası əsirdi.

İlk 4 oyunu qələbə ilə başa vuran, ilk dövrədən sonra topladığı 19 xalla turnir cədvəlində liderlik edən “qartallar” hər kəsi təəccübləndirməyi bacarmışdı.

Lakin ikinci dövrədə nə baş verdisə, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin nəticələrində eniş yaranmağa başladı.

Sonuncu dəfə noyabrın 12-də “Qəbələ” üzərində qələbəyə sevinən “Zirə” 14-cü turdan bu yana 3 aydır, başqa cür desək 8 turdur qalibiyyətin nə olduğunu bilmir.

Bu müddətdə 24 mümkün xaldan cəmi 4 xal qazanılıb ki, qəsəbə təmsilçisi hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Nə baş verdi? “Qartallar”ın çıxışındakı enişinə kim, yaxud nə səbəb oldu?

Komandanın yunanıstanlı legioneri Dmitrios Çantakias bununla bağlı Sportinfo.az-a açıqlıama verib:

“Futbolda bu cür hallar yaşanır. Ən böyük klublar belə, uğursuzluq zolağına düşür.

Hakimlərə böyük hormət hissi ilə yanaşıram. Onlar da insandır və səhv edə bilər.

Amma “Səbail”lə matçda aşkar penaltimizin verilməməsi, “Sabah”la qarşılaşmada xeyrimizə kornerin təyin edilməməsindən sonra rəqibin son saniyələrdə qol vurması nəticələrə öz təsirini göstərdi.

Təkcə bu iki matçda 5 xalımızı alsaydıq, bu gün ikinci pillədə qərarlaşardıq, sizinlə bu mövzuda danışmazdıq.

Bütün yükü hakimlərin üstünə atmaq istəmirəm. Təbii, bizim də səhvlərimiz olub. Mənə daha çox təsir edən qışdan sonra 5 xalımızın yoxa çıxmasıdır.

Bundan sonra keçmişə boylanmaqla heç nə düzəlməyəcək. Ümidli olmalı, səhvlərimizdən nəticə çıxarmalı, növbəti oyunlarda qələbələr qazanmalıyıq”.

“Zirə” 21 turdan sonra 31 xal toplamaqla 4-cü pillədə qərarlaşıb.

“Qartallar” növbəti oyununu fevralın 13-də doğma meydanda əsas rəqiblərindən biri olan “Sumqayıt”a qarşı keçirəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti