"Heç kimi qınanıram, bilirəm ki, hər kəsin özünün problemi var"

8 Fevral 08:30 Zirə 321
"Heç kimi qınanıram, bilirəm ki, hər kəsin özünün problemi var"

Sportinfo.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti və "Zirə" klubunun prezidenti Taleh Nəsibov sportal.az-a müsahibə verib:

- Minifutbol üzrə ölkə çempionatında mərkəzi görüşdə "Zirə"və "Birbaşa Bakı" üz-üzə gəldi. Komandanızın qələbəsi haqda nə deyəcəksiz?
- Matça maraq böyük idi, tribunada nə qədər adam var idi, özünüz də gördünüz. Çünki maraqlı görüş olacağını bilirdilər. "Zirə" və "Birbaşa" çempionatın aparıcı komandalarıdır. Hər bir komanda öz işinə çox ciddi yanaşır. Azərbaycan çempionatında bu iki komandanın arxasınca digər klublar da gəlir. Baxırsan ki, səviyyələri də artıb. Düzdü, bəzi komandalarda müəyyən çatışmazlıqlar olsa da, ötən mövsümlə müqayisədə bu il səviyyə daha yüksəkdir. Maksimum dərəcədə bu mövsümkü çempionatın keyfiyyətini artırmaq istəyirik. Komandalar transferlər edir, həm böyük futboldan, həm də futzaldan bizim liqaya meyl edənlər var. Çünki burada perspektiv görürlər. Bunların hamısını da etməkdə məqsəd odur ki, milli komandamızı yüksək səviyyəyə gətirib çıxaraq. Ki, həm milli səviyyəsində dünya və Avropa çempionatlarında uğur qazanaq, həm də klub səviyyəsində avrokuboklarda uğur qazanaq. Bayrağımızın daim yüksəklərdə olması üçün edirik. Rəhbərliyin və millimizin baş məşqçisi Elşad Quliyevlə amalımız birdir. Millimizin yüksək səviyyədə olmasını istəyirik. Bizi iyunun 1-də Bosniya və Herseqovinada Avropa çempionatı gözləyir. Avropa çempionu olduqdan sonra bizimlə oyuna hazırlıqları, matçlarda necə istəkli olmaları göründü. Əvvəl millimizə zəif kimi baxırdılarsa, indi tamamilə fərqli yanaşırlar. Bunlar hamısı Orxan müəllimin tövsiyələri və tapşırıqları əsasında olur. Biz də bunların hamısını bilirik. Başa düşürük ki, Avropa çempionatında da çox çətin olacaq. Qrup mərhələləri də hələ bəlli deyil. Çətib olacaq. Amma Allah qoysa, bizim etdiklərimiz bütün çətinlikləri yüngülləşdirər.

-"Zirə"nin artıq bu mövsüm "Birbaşa"nın hegemonluğuna son qoyacağına inamınız var?
- Açığı, nəsə demək çətindir. "Birbaşa" "Zirə"yə uduzsa belə, çox istəkli idi. Düşünmürəm ki, 100 faiz demək olar ki, " Zirə" yüz faiz bu il birinci yeri tutacaq. Amma onu deyə bilərəm ki, "Birbaşa"nın keçən ilki baş məşqçisi Marius Mita qayıdıb. Rumıniya yığmasını da çalışdırıb. Baş məşqçidən çox şey asılıdır, işi görünə bilər. Sadəcə, indi belə alındı ki, " Zirə" bu oyunda rəqibindən üstün oldu. Onları təbrik edirəm. "Birbaşa"nı da təbrik edirəm, çox yaxşı oynadılar. Hər iki komandaya uğurlar. Mənim üçün vacib odur ki, millimiz üçün hazır kadrlar olsun və Elşad Quliyev oradan seçimlər edə bilsin. Sadəcə, mənim üçün sevindirici olan odur ki, " Zirə" - "Birbaşa" matçı bu dərəcədə maraqlı keçdi. İnsanlar da çox maraq göstərdi. Bu, mənim üçün çox sevindiricidir. Demək ki, hansısa vəziyyətə gəlib çıxmışıq. Vaxt hər şeyi göstərəcək. Çempionatın sonuna yaxın müəyyən dəyişikliklər ola bilər, hansısa komanda zəifləyə və yaxud güclənə bilər. Usta oyunçular çoxdur. "Zirə" Xətai Bağırovu, İsa Atayevi transfer etdi, Ramiz Çovdarov da komandadır. Sadəcə, o, xaricdədir. Transferlərə baxırsan ki, uşaqların ustalıq səviyyəsi yüksəkdir. Məncə, çempionluq şansı keçən ilə nisbətən daha çoxdur. Amma vaxt hər şeyi göstərəcək.

- Premyer Liqa klublarının minifutbol komandalarının yaradılması məsələsi müzakirə edilmişdi. Amma belə görünür ki, ciddi dəyişiklik yoxdur. Klublar maraq göstərmədi yoxsa, başqa problem var?
- Açığı, bütün klublara müraciət etmişdik, məktub yazmışdıq. Ki, hansı komanda istəsə, qatıla bilər və biz məşqçi, futbolçu baxımından federasiya kimi dəstək ola bilərik. "Qəbələ" yarışmaq istəyirdi, sadəcə nəqliyyət problemi oldu. Mənə, adını çəkmək istəmirəm, bir nəfər Gəncə üçün müraciət etmişdi. Onlarda da müəyyən problemlər var idi, amma istənilən halda, "Dinamo Gəncə" adı ilə qatıldılar. Bizim üçün vacib məsələ daha çox bölgə komandalarının çempionatda təmsil olunmasıdır. "Zirə" futbol klubunun rəhbəri kimi, onların da baxış bucağından deyirəm, açığı, vaxt lazımdır ki, buna da zaman ayırsınlar. Bir az onu düşünürək, tam hələ onun qərarını vermədilər. "Qarabağ"la da söhbətimiz oldu, onlar da böyük məmnuniyyətlə bunu etmək istəyirdilər. Məsələn, " Sumqayıt"ın prezidenti Riad Rəfiyev mənə dedi ki, mən onlara dəstək oluram, sən də bir yolla dəstək et. Mən də bunu məmnuniyyətlə qarşıladım. Bilirəm ki, Riad bəyin işi indi tam başqadır. Daha çox böyük futbola köklənib. Sadəcə, Riad bəy özü minifutbol oynayır, sevir bu idman növünü. Həm də Sumqayıt adının minifutbolda da olması üçün bunları dəstəkləyir. Elə birinci Riad Rəfiyev zəng etmişdi ki, istəyirəm "Sumqayıt" liqada oynasın və ola bilsin ki, özüm də oynayım.

- Hətta Qurban Qurbanov da müsahibəsində liqada oynamaq istədiyini demişdi...
- Bəli, xatırlayıram. Səmimi deyim, heç kimi qınanıram. Məsələn, "Qəbələ"də gediş-gəliş problemi oldu. Bilirəm ki, hər kəsin özünün problemi var.

- Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatında məqsəd yenə çempionluq olacaq?
- Əlbəttə. Həmişə deyirəm, göstərdiyimiz qayğı, verdiyimiz şərait onu tələb edir ki, biz çempionluğa oynayaq. Nəsə ediriksə, ya maksimumu bacarmalıyıq, ya da etməməliyik. Hazırlaşmırıq ki, qrupdan çıxaq, hazırlaşırıq ki, çempion olaq. Ən azından final oynamalıyıq. Eynisi də dünya çempionatında idi. Bizim qətiyyən fikrimiz yox idi ki, üçüncü və ya dördüncü yeri tutaq. Fikrimiz və məqsədimiz ancaq final oynamaq idi. Yarımfinalda uduzduqdan sonra paltardəyişmə otağına girdim... Uşaqların 80 faizi ağlayırdı. Onların nə dərəcədə istəkli olduqlarını başa düşürdüm. Dəhşətli dərəcədə pis olmuşdular, onlara söz tapıb deyə bilmirdim. Onlar o dərəcədə özlərinə inanırdılar. Həmin gün elə Elşad Quliyevə də dedim ki, çətin uşaqlar özlərinə gəlsinlər, inanmıram sabah üçncü yer uğrunda matçda qalib gələk. Psixoloji məsələ var idi. Onların durumu gördükdən sonra artıq hazır idim ki, uşaqların qalib gəlməsi çətin olacaq. Vəziyyətlərini görəndən sonra başa düşdüm ki, bu, bir günlük məsələ deyil də. Uşaqlar konkret qızıl üçün ora yollanmışdı, istək o idi. Hər zamankı performans, ustalıq səviyyəsi o deyildi. Onları yaxşı tanıyıram. Bu da normaldır, başadüşüləndir. Federasiya rəhbəri kimi, onları üçüncü yeri götürə bilmədiyimiz üçün də zərrə qədər qınamadım. Xeyirlisi. Onlara dedim ki, bura qədər gəlib çıxmısızsa, məbim üçün bpyük işdir. Əsas odur ki, istək var idi. Sadəcə müəyyən nöqsanlar var idi ki, onların üzərində də işləyəcəyik. Uduzmasan, qalibiyyətin dadını bilməzsən. Həm də, məğlubiyyətdən nəticə çıxarmaq lazımdır. Uduzmadan qalib olmaq mümkün deyil. Hələ birinci dünya çempionatımız idi, hələ çox mundiallar görəcəyik. Bizim rəhbərimiz Orxan bəy də əlindən gələni edir ki, ancaq çempionluğa oynayaq.

- Bu yaxınlarda dünya reytinq cədvəli açıqlandı və millimiz ikinci pillədədir. Bu isə, futbol tariximizdə olmayıb. Belə nəticə sizdə əlavə təzyiq yaratmırki?
- Xeyr, əksinə. Bu, mənim üçün daha qürurverici və sevindiricidir. Ətrafımda çox idmançı var. Mən bilirəm ki, idmançı bu nəticələrə görə təzyiq hiss etmir. Əksinə, bundan motivasiya gəlir ki, dünya reytinqində ikincisən. Bu vəziyyətə qalxmısansa, daha da qabağa gedə bilərsən. Bütün "bir nömrə" idmançılarımız, istər cüdo, istər güləş, istərsə də boksda olanlarımızın heç biri təzyiqə düşməyib. Vaxtında məğlubiyyətlərindən dərs çıxarıblar və indi yüksək pillələrdədirlər. Mən də öz federasiyamızdan onu gözləyirəm.

- Növbəti dünya çempionatının Azərbaycanda keçirilməsi nə dərəcədə aktualdır?
- Dünya minifutbol federasiyası bu ayın sonuna qədər bizə cavab deməlidir. Gimnastika arenasını bəyəniblər, amma tam rəsmi deyil. Amma ora bəyənilib. Fevralın sonunda bizə dəqiq məlumat veriləndən və müqavilə bağlanandan sonra, artıq bu haqda mətbuata açıqlama veriləcək. Yəni bu ayın sonunda bilinəcək. Növbəti dünya çempionatı da 2025-vi ilin yay aylarına təsadüf edəcək, iyun iyul və ya avqust ayı. Vaxtı təyin edəcəyik. Dünya çempionatının Azərbaycanda keçirilməsini həm biz, həm rəhbərlik, həm futbol camiəmiz istəyir. Bizim üçün təcrübə də olardı.

- Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı başlayıb. Geridə qalan müddətdə "Zirə"nin çıxışını necə dəyərləndirirsiz?
- Bəzən belə olur futbolda, gətirmir də. Oyun var, hücum var, bir sadə epizod və qol buraxırıq. Düzələr. Son turdakı "Qəbələ", ondan qabaq " Sabah" matçı, kubokda "Səbail"lə görüşdə komanda çox gözəl oyun sərgilədi, istəkli idik. Məsələn, "Qəbələ" ilə matçda rəqib futbolçu mərkəzdən vurdu və gözləmədən qol oldu. Fariz Nəcəfovla yanaşı baxırdıq oyuna.Zərbə vurulanda zarafatla dedi "hara vurursan?". Gözlənilmədən qol oldu. "Qəbələ"nin birinci hissədə hücumu yox idi.Yalnız biz hücum edirdik. Fasilədən sonra da həmçinin. Rəqibin bir və ya iki hücumu oldu. O vəziyyətdə də oyunu 1:1 bitirdik. Olur da. Deməzdim ki, nəsə problem var, hər şey qaydasındadır. Hər oyuna komanda çox ciddi hazırlaşır. İnşallah ki, düzələr.

- Uğursuzluqda hakimlərin rolu var?
- Uğursuzluqdam daha çox, bəxtsizlikdir. Daha çox qismət məsələsidir. Hər şeyi hakimin üzərinə yıxmaq olmaz. Amma 3-4 oyunumuz var ki, sırf hakim səhvinə görə uduzmuşuq. Bu, açıq-aydındır. Desəm ki, hakim səhvinə görə heç nə olmayıb, bu da səhvdir. Bu barədə AFFA rəhbərliyinə də demişəm, Sərxan Hacıyevə də öz fikrimi bildirmişəm. Klublar Komitəsinin iclasında da fikrimi bildirmişəm. Burada heç kim müzakirə etməməlidir ki, "Zirə" necə oynayıb. Siz müzakirə etməlisiz ki, niyə hakim bu səhvi edir? Burada söhbət təkcə "Zirə" dən getmir. "Sabah"a, "Sumqayıt"a, "Kəpəz"ə qarşı da ola bilər. Bu komandalara da qarşı olub. Lakin bizə qarşı ola bilər ki, onlarla müqayisədə bir az çoxdur. Ola bilsin ki, yox, elə bu cürdür. Ümid edirəm ki, nə vaxtsa düzələcək. Klublar Komitəsində bu barədə çox müzakirə etdik. Rəhbərliyə də bildirdik ki, bu məsələni düzəltmək lazımdır. Bu gediş hara kimi gedəcək? VAR gəldi, gözlənilirdi ki, hər şey yaxşı olacaq, əksinə oldu. VAR hakimləri daha da təzyiqə saldı. Onların bəzilərini qınamıram. VAR olanda bir az daha təzyiqə düşürlər.Psixoloji cəhətdən də hazırlıqlı olmaq lazımdır. Biri səhv edir, biri ordan qışqırır, biri o biri tərəfdən təzyiqə düşür, özünü itirir. Demirəm ki, onların işi asandır. Onları da qınamıram. Amma açıq-aydın səhvlər var axı. "Səbail"lə matçda, verilməyən penaltimiz...Barış Şimşek o biri "skybox"da oturmuşdu və bildirdi ki, penaltidir. Amma baxdıq ki, Fərid Hacıyev penalti vermədi, nə bilim. "Sabah"la matçdakı künc zərbəsi, "Qarabağ"la oyunda isə mümkün qırmızı vərəqə məsələsi. Nəysə də, bax, belə.

- Klublar Komitəsində legioner limiti məsələsi müzakirə edildi.Siz də, 8+3 limitinin tərəfdarısız?
- Edildi, amma heç bir qərar yoxdur. Biz dedik ki, bu barədə qrupda müzakirə edəcəyik. Hər bir komanda daxilində müzakirəsini aparacaq, kim 8+3 limitinə razıdırsa, qrupda müzakirə qalxacaq və razı olub-olmaması ilə öz fikrini bildirəcək. Biz bu məsələdə hələ ki, bitərəfik. Deməzdim ki, 100 faiz razıyam və ya 100 faiz razı deyiləm. Daha dəqiq müzakirələr əsasında bir qərar olacaq. Müzakirələrin əsas səbəbi də məşqçi heyətidir, bu barəda onlarla danışmaq lazımdır. Düşünmürəm ki, böyük etiraz var. Ola bilsin ki, biz tərəfdən də "okey" olsun. Düzdü, orada müəyyən şərtlər əsasında olacaq. Kimlər ki, gətirməyəcək, onlara necə olacaq? Müzakirə etmişik, amma açıqlamaq istəmirəm. Qərar dəqiq olanda, açıqlama veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti