Portuqaliyalı “Qəbələ”ni tənqid etdi: “Onlar futbolu düşünmürlər”

7 Fevral 23:40 Zirə 486
Portuqaliyalı “Qəbələ”ni tənqid etdi: “Onlar futbolu düşünmürlər”

Mövsümün əvvəlində turnir cədvəlinə ağalıq edən “Zirə” Premyer Liqada yenə qələbəyə həsrət qaldı.

Sonuncu dəfə 13-cü turda – ötən ilin noyabrın 12-də doğma meydanda “Qəbələ”ni məğlub edən “qartallar” bu dəfə də eyni komanda ilə qarşılaşırdı.

Bölgə təmsilçisinin heyətində 6 futbolçunun oynamadığını nəzərə alsaq, zirəlilərin rahatlıqla istəyinə çatacağı təxmin edilirdi. Ehtimallar özünü doğrultmadı və maraqlı alınan 90 dəqiqənin tamamında komandalar meydanı hərəyə 1 xalla tərk etdi.

Qarşılaşma başa çatandan sonra “Zirə”nin futbolçuları kifayət qədər əsəbi görünürdü. Ardıcıl 8-ci oyundakı qələbəsizlik keflərinə soğan doğramışdı.

“Qartallar”ın portuqaliyalı qapıçısı Tyaqo Silva Sportinfo.az-a açıqlamasında oyun təəssüratlarını bölüşüb:

“Bu gün hamı gördü ki, qələbəyə layiq olan bir komanda var idi, o da “Zirə” idi. Rəqib 1 xal üçün oynayırdı və bu, açıq-aydın görünürdü.

Müdafiədən oynamaqları bir tərəfə, nə vaxt baxırdın kimsə yerdə uzanıb. Onlar futbol oynamağı yox, nəticəni düşünür.

Xatırlayırsınızsa, dekabrda burada uduzmuşduq və o dəfə də həmin şeyi etmişdilər. Öz işləridir, özləri bilər.

Qələbə qazanmaq üçün yaxşı imkanlarımız var idi. Fürsətlərdən yararlana bilmədik və 1 xal qazandıq.

Yolumuza davam edirik. Çünki qarşıda bizi kubok mübarizəsi də gözləyir”.

“Zirə” 21 oyundan sonra topladığı 31 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti