Rəşad Sadıqovun saçı oturduğu yerdə ağarmayıb!

7 Fevral 15:00 Zirə 591
Rəşad Sadıqovun saçı oturduğu yerdə ağarmayıb!

7 turluq aradan sonra «Zirə» qol hesabını açdı.

«Oruc» Qəbələdə pozuldu.

Əsas tilsim yenə qırılmadı. «Tilsim» dediyimiz isə «Zirə»nin 15 oyundur bu rayona səfərdən qələbə ilə dönməməsidir.

Yeddi-səkkiz il əvvəldən danışırıq hardasa.

Rəşad Sadıqov rəqibin cərimə meydançasına kimi öz işini görə bilən komanda yarada bilib. İyirmi bir həftəyə 14 qol vurub, hələ də liderlər qrupunda qopmayan ikinci bir nümunə tanımıram.

Doğrudan da, maraqlı, maraqlı olduğu qədər də qəribə mənzərədir: müdafiə və hücum xəttinin keyfiyyəti arasında uçurum dəhşətli dərəcədə böyükdür.

Deyəsən ki «Zirə» qol vəziyyəti yaratmır, yorucu və əsəb gətirən oyunu ilə 90 dəqiqəni tamamlayır, bunu da doğru saymıram.

Hakimlərin qərəzli (sifarişli) qərarlarının əsiri olmuş «Zirə»nin ağır psixoloji basqı altında iddiasını qorumağa çalışdığını bir bəndə dana bilməz və danmamalıdır.

Hərdən oturub Rəşad Sadıqovun nəyə peşman olduğunu təsəvvür etməyə çalışıram. Gözümün qabağına yalnız Paxtmanla Kulaç gəlir.

Yəqin ki, Sadıqov dizinə döyür ki, ey dadi-bidad, mən nahaq bunlara inandım, yayda ölkələrinə yollamadım, saxladım burada.

Hə də, Rəşad Sadıqovun əlinin duzu yoxdur, kimə möhkəm güvənir, o da onu meydanda pis vəziyyətdə buraxır, bayram aşını axıradək yemir.

Adamın saçı oturduğu yerdə ağarmayıb e, bu ağırlığı daşımağı hər ürək bacarmaz.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti