Hakimlər Azərbaycan klubunu necə məhv edir?

3 Fevral 11:20 Zirə 573
Hakimlər Azərbaycan klubunu necə məhv edir?

Bu mövsüm Premyer Liqada hakim idarəçiliyi çox bərbad səviyyədədir.

Heç əvvəlki illərdə də hər şey güllü-gülüstan deyildi.

Sadəcə bu qədər də acınacaqlı olduğunu demək olmaz.

Hakimlər tez-tez səhvlərlə yadda qalır. Bəzən verilən gülməli qərarlara inanmaq olmur.

Bundan ən çox zərər görən klublardan biri də "Zirə"dir. Tendensiya illərdi davam edir.

Əbəs deyil ki, bu gün publikanın əsas müzakirə nöqtəsi məhz "qartallar"dı.

Haqlı olaraq referilərin Rəşad Sadıqovun komandasına qarşı etdiyi kobud səhvlər ciddi qınanılır. Axı bu komanda ən azı 2-3 oyunda halal xal(lar)ından məhrum edilib.

Lakin paytaxt klubu yalnız hakimlərə görəmi xal itkiləri yaşayıb?

Və ya yalnız "Zirə"mi hakim səhvlərindən əziyyət çəkir?

Təbii ki, yox.

Bu gün "Sabah"ın, "Turan Tovuz"un da ən azı "Zirə" qədər danışmaq haqqı var.

Guya digər klubların əleyhinə hakim səhvləri olmurmu? Elə həmin "Zirə" ilə Ölkə Kubokunun birinci görüşündə "Səbail"in təmiz penalın hakimlər görməzdən gəldi.

Qısası, hakim səhvlərindən danışası olsaq, hamının daş atıb, başını tutması lazımdır.

Biz isə bu dəfə "Zirə"dən danışırıq. Çünki son günlər bu komanda ətrafında hakim ədalətsizliyi daha çox qabardılır. Belədə haqlı sual yaranır - Görəsən, bu komandanın başqa problemləri yoxdur?

Əlbəttə, var. Həm də nə qədər desən.

Götürək "Sabah"la son oyundakı məğlubiyyəti. Qonaqlar qələbə qolunu son saniyələrdə vurdu. Həmin son saniyələrə kimi isə Murad Musayevin drujinası meydanda 50 dəqiqə idi azlıqda mübarizə aparırdı. Söhbət çox uğursuz mövsüm keçirən, "Qarabağ"dan 7 qol buraxcaq qədər eniş yaşayan və ən əsası uzun müddətdir turnir cədvəlinin sonuncu "dördlüy"ün tərk edə bilməyən bir Masazır klubundan gedir. Və belə komandaya həmin müddətdə qol vura bilməməyin qəbahəti matçın hakimləri deyil.

Məsələn, mümkün deyil ki, 20 turdan 12-də itirilən xalların tək günahkarı "fit sahibləri" olsun.

Heç 20 turdan sonra 13 qolla mövsümün məhsuldarlığa görə ən zəif komandasının (yalnız sonuncu pillədə gedən "Qəbələ" eyni sayda qol vurub) "Zirə" olmasına görə də ədalət sahibləri günahkar sayıla bilməz.

Ötən sezon qapı və müdafiə mövqeyində ciddi nöqsanlar göz qamaşdırırdı. Bu sezon Tiaqo Silva, Ruan Renato kimi nöqtə transferlərlə həmin problemlər sanki həllini tapıb.

Ön xəttə edilən transferlər hələ də öz müsbət ağırlığını komandaya qoya bilmir. Məncə, buna görə də hakimləri qınamaq olmaz.

Ümumiyyətlə, "Zirə"nin oyun sixemi qələbə qazanılan oyunlarda da birmənalı qarşılanmır. Rəşad Sadıqovun kollektivinin müdafiəyə qapandığını iddia etmək absurd olar. Matçlarda "bir nömrə" kimi çıxış etdiyini də dilə gətirmək olmur.

Ötənlərin "İmperator" ləqəbli müdafiəçisi hər oyun çox sayda qol imkanların qaçırdıqlarını desə də, düşünürəm ki, "Zirə" yetəri qədər kəsərli hücumlar da qura bilmir. Bir sözlə, qurulan yeni sistemdə, "Zirə" modelində çox sayda nöqsan, axsayan nöqtələr var. Üzərində işləmək şərtdir.

Amma hakimlər barədə çox danışdıqca həmin nöqsanlar kölgədə qalır.

Bu isə Rəşad Sadıqova və bütün "Zirə" camiəsinə zərərlidir.

Düşünürəm ki, maksimum hakim söhbətlərindən uzaq qalmaq, daxili problemlərin həllinə yönəlmək yalnız "Zirə"nin inkişafına, böyüməsinə yol aça bilər. Əks halda, meydanda hakim qərarlarından çox, meydandan kənardakı müzakirələri bu komandanı yaxşı sonluğa aparmayacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti