Aydın oldu, bu kluba ona görə dəhşətli "işgəncə" verirlər – Həmin şəxs Sadıqov deyil!

29 Yanvar 11:40 Zirə 3 858
Aydın oldu, bu kluba ona görə dəhşətli "işgəncə" verirlər – Həmin şəxs Sadıqov deyil!

Hakim zümrəsi «Zirə»yə elan olunmamış «müharibə»ni şiddətləndirib.

Hər ötən həftə bu gərginlik bir qədər də artmaqdadır.

«Zirə» Premyer Liqanın son 7 turunda qələbəyə möhtacdır. Yeddi oyunu əlavə vaxtıyla bərabər 90 dəqiqəyə vursaq, hardasa 650 dəqiqə edir.

Bu qədər vaxt kəsiyində qol pərdəsini aralaya bilməyən komandanın hücum xəttini tam tərkibdə düşərgədən kənarlaşdırardım.

Rəşad Sadıqov hələ də bunu etməyib. Problemin bir başı bundadır.

«Zirə» cansıxıcı futbol oynayır» iddiasına qatılmamışam və yenə qatılmıram. Rəqibin cərimə meydançasına kimi normal gəlirlər.

Hər şey orada korlanır. İrəli zonanın sivri ucu kütləşib, heç nə edə bilmirlər.

Yevgeni Kulaç kimi əldən və ayaqdan şil hücumçu ilə meydana çıxmısansa, yeddi oyun da qola həsrət qalacaqsan, on yeddi də.

Qış fasiləsində Rafael Utrix gəlib. Braziliyalı hələ formadan uzaqdır. İki-üç həftə lazımdır ki, özünü «Zirə»də tapsın. Ona kimi və ondan sonra həll olunması gərəkən bir problemin üstündə dayanmalıyıq.

Hakimlərin antipatiyası hər addımda «Zirə»yə əzab verir. Bu, o dərəcədə açıq və kəskin hal alıb, artıq əmin olmuşam ki, səbəbi Rəşad Sadıqovun şəxsiylə bağlı deyil.

Düzdür, Sadıqov «Zirə»yə yönəlik qərəzin arxasında qərəz/sifarişin dayandığını söyləyib və əlavə edib ki, proses onunla əlaqədardır.

Açığı, bu qənaəti bölüşmürəm. Məncə, Rəşad Sadıqov medalın görünən üzündəki hədəfdir. AFFA-nı idarə edən çevrələrin hədəfindəki şəxslər «Zirə»nin yaradıcıları və onlarla bərabər olanlardır.

Klubu himayə edən insanların ümumi futbolun başına keçmək ehtimalı AFFA-nı yönədənlərin ən qorxulu yuxusudur.

Hakimlərin bir çoxunun səviyyəsi aşağıdır. Məhz bir çoxunun. Amma baxırsan hamısı «Zirə»yə qarşı kobud səhvlərlə yadda qalır. Nə axmaqdırlar, nə də dəli.

Şərt deyil çağırıb deyəsən ki, get, «Zirə»nin qələbəsini əlindən al, get. «Zirə»nin əleyhinə yanlış qərar verən hakim görəndə ki onu cəzalandırmırlar, özü də, başqaları da «hə, belə lazım imiş» deyə, fikirləşir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti