“Zirə” qış fasiləsində güclənməyə davam edir.
Bakılılar Ceyhun Nuriyevin ardınca Rafael Utziqi də heyətinə qatdığını açıqlayıb.
Braziliyalı legioner hamımıza tanış simadır.
O, 2020-23-cü illəri “Qəbələ”nin şərəfin qoruyub.
Elə karyerasının ən parlaq günlərini də Elmar Baxşıyevin rəhbərliyi altında keçirib.
27 yaşlı futbolçu “qırmızı qaralar”ın formasında meydana çıxdığı 94 görüşdə 18 qol, 11 asistlə yadda qalıb.
Daha əvvəl ölkəsində “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana” və “Sianorçe”klublarda çıxış etsə də “Qəbələ”dəki göstəricilərinin yaxınına belə düşə bilməmişdi.
Ən yaxşı halda “Parana”da 25 oyun meydana çıxmış və 1 qolla yadda qalmışdı.
Utziq “Qəbələ”də sərgilədiyi parlaq futboldan sonra ötən yay həm Azərbaycan, həm də bir çox xarici klubların maraq dairəsinə düşmüşdü.
Sonda daha yaxşı şərtlər qarşılığında Cənubi Koreyanın “Sunqnam Asan” klubuna keçmişdi.
Amma burada da hər şey onun ürəyi istəyən kimi keçməyib. Arxada qalan yarımildə əsas heyət üzvünə çevrilməyi bacarmayan cənubi amerikalı cəmi 16 matçda meydana çıxıb.
Və bu görüşlərin heç birində əsas heyətdə yer almayıb.
Üst-üstə 467 dəqiqə dəqiqə oynamaq fürsəti olan tanış legioner aktivinə 1 qol və 1 asist yazdıra bilib.
Göründüyü kimi, “Qəbələ”də ulduzu parıldayan Rafael Utziq daha əvvəl olduğu kimi, sonrakı karyerasında da nə iləsə yadda qalmayıb.
Bəs “Zirə”də?
Bax, onu zaman göstərəcək.
Gözləyək...
XANOĞLAN / SPORTİNFO.AZ

