Rəşad Sadıqov: "Kubok matçı çempionatdakı "Qarabağ"la oyundan daha önəmli idi"

20 Dekabr 2023 19:50 Zirə 412
Rəşad Sadıqov: "Kubok matçı çempionatdakı "Qarabağ"la oyundan daha önəmli idi"

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Oyunun ilk dəqiqələrində gözlənilməz qol buraxdıq. Rəqibi oyundan əvvəl təhlil etmişdik. Hesabda geriyə düşdükdən sonra böyük qüvvə ilə irəli atıldıq. Hücumlar qursaq da, fərqlənə bilmirdik. Şükürlər olsun ki, sonda iki qol vurub qalib gəldik. Rəqibin müdafiəsini yarmaq asan deyildi. Çətin məqamda oyunçularım sonda “Turan Tovuz” kimi rəqibə iki qol vuraraq, klub üçün vacib qələbə qazandıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov ölkə kubokunun 1/8 final mərhələsinin "Turan Tovuz"la oyunundan (2:1) sonra deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Filipe Paxtman qol vursa da, yenə zədələndi. Onun durumu necədir?

- Təəssüflər olsun ki, yenə zədələndi. Son 6-7 dəqiqə qaçmırdı. Bu gün meydana çıxmasının riskli olduğunu həkimlər bizə demişdi. Amma özü də oynamaq istəyirdi. Sonda ona ehtiyac olduğunu hiss etdim. Meydana çıxdı və qolunu da vurdu. Ümid edək ki, zədəsi ciddi deyil. Təkrar zədələnə biləcəyi ilə bağlı, daim qorxu içindədir. Əvvəlki matçlarda aktiv iştirak edib. O, meydanda olanda komandaya xeyir verir, etimadlarımızı doğruldur. Belə məqamda fədakarlıq edib meydana çıxdı, qol vurdu. Paxtman nə qədər ki, sağlamdır, ona hər zaman ehtiyacımız var.

- Final yolunuzun nisbətən uyğun olduğunu düşünürsüz?

- Bir tərəfdən belə görünür, digər tərəfdən, çempionatın üç favoriti bir yerdədir. Bu o deməkdir ki, finala üçlükdə olmayan komanda çıxa bilər. Belə olacağı təqdirdə, çempionatda dördüncü yeri tutub Konfrans Liqasına gedə biləcək komanda mövzusu daha ağır olacaq. Belə təhlükə də var. Məsələn, ötən mövsüm çempionatda 4-cü yeri tutsaydıq da, Konfrans Liqasına vəsiqə qazanmırdıq. Çünki “Qəbələ” kuboku qazanmışdıq. Buna görə, həm kubokda, həm də çempionatda mübarizə aparmalıyıq ki, sonda avrokuboklara düşək. ¼ finaldakı “Səbail” oyununa köklənəcəyik. Açığı, bu oyunun nə vaxt baş tutacağını bilmirəm. Bizə və “Kəpəz”ə digər komandalarla müqayisədə, daha güclü rəqiblər düşmüşdü. “Turan Tovuz”un ötən mövsüm kubokdakı çıxışını da xatırlayırdıq. Bütün fikrimiz bu oyuna yönəltmişdik. Mənim üçün “Turan Tovuz”la matç “Qarabağ”a qarşı keçiriləcək oyundan daha vacib idi. İndi həm “Qarabağ”ı fikirləşəcəyik.

- Bu cür gedişat gözləyirdiz? Komandanı əlavə dəqiqələrə hazırlamışdız?

- Təbii ki, onun da müəyyən səviyyədə hazırlıqlarını görmüşdük. Amma düzü, əvəzetmələri etdikdə ekstra-taymı düşünmürdük. Çünki 0:1 hesabı ilə uduzurduq. Düşündüm ki, qol vursaq, bir əvəzetmə əlavə olur deyə, onu edərik. Oyundan əvvəl ekstra-taymı düşünürdük.

- Ölkə kubokunun qalibi Avropa Liqasına vəsiqə qazanacaq. Azərbaycan çempionatından isə çempiondan savayı, digər vəsiqələr Konfrans Liqasınadır. Hədəflər buna görə dəyişir?

- Kubokda imkan qədər irəliyə getmək istəyirik. Çempionatda da dördlük uğrunda mübarizə aparacağıq. Amma başa düşürük ki, 4-cü yer Konfrans Liqasına vəsiqə verməsin. Komanda və məşqçi olaraq, yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik. Çempionat gərgin keçir. Əvvəlcədən proqnoz vermək mümkün deyil. Kubok və çempionatda Avropa Liqası, həmçinin Konfrans Liqası uğrunda mübarizə aparmaq istəyirik.

- Tovuzdakı məğlubiyyətdən sonra komandada revanş hissi var idi?

- Xeyr, revanş hissi deyildi. Lakin 1/8 final görüşü bizim üçün önəmli idi. Amma bayaq dediyim kimi, kubok görüşü qarşıdakı “Qarabağ”la oyundan daha önəmli idi. Futbolçular da onu anlayırdı. Dördüncü yerin Konfrans Liqasına getməsi kubokda önəmli rol oynayacaq. Biz hər şeyi düşünürük, kuboku da, çempionatda 2-3-cü yerləri də. Bütün oyunları düşünürük.

Digər Xəbərlər
Xəbər Lenti