Rəşad Sadıqov: "Onu komandada saxlayanda, başqa birini götürmək olmur"

9 Dekabr 2023 20:10 Zirə 671
Rəşad Sadıqov: "Onu komandada saxlayanda, başqa birini götürmək olmur"

"Zirə" Azərbaycan Premyer Liqasının 16-cı turunda doğma meydanda "Araz-Naxçıvan"la 0:0 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gərgin oyun keçdi. İlk 10-15 dəqiqə "Araz-Naxçıvan" meydanda aktiv idi. Bu da rəqibin pressinqindən irəli gəlirdi. Ondan çıxmağa çalışırdıq. Dəqiqələr getdikcə oyunu xeyrimizə dəyişdik, qol epizodları yaratdıq. İkinci hissənin ilk dəqiqələri üstünlüyümzlə keçdi. Stefan Akkanın zədəsi oldu, pauza yarandı. Sonra oyunumuz sındı. Dəyişikliklərdən sonra üstünlük bizdə idi. Qol da vurduq. VAR-da baxılana qədər 4-5 pauza oldu. Oyun sındı və meydanda mübarizə, baxımlı futbol görə bilmədik. Hər iki komanda böyük əzmkarlıq göstərdi. Növbəti xalımızı qazandıq.

- Son turlarda qələbə qazana bilmirsiz. Bu, oyununuza təsir göstərir?

- Gərginlik onsuz da var idi. Bu da ilk sıralarda getməyimizlə bağlı idi. 16 tur oynamışıq, heç bir oyun bizim üçün rahat keçməyib. Qələbə qazananda da böyük çətinliklər yaşamışıq. Bu da normaldır. Yuxarı pillələrdəsənsə, normaldır. Rəqib motivasiya ilə oynayır. 16 oyuna 28-ci xalımızı qazandıq, ikinci yerdəyik, hər şey qaydasındadır. Qol epizodlarımızdan istifadə edə bilmirik. Bu da gərginlikdəndir.

- Ruan Renatonun yoxluğunu hiss etdiz?

- Ruanın olmaması toplu oyunumuzda hiss edilirdi. Bu gün meydanda olan hər iki stoperimiz sağ ayaqlı idi. Oyun quruculuğunda təsiri oldu. Ruan önəmli oyunçumuzdur. Bu gün oynayan hər iki mərkəz müdafiəçisindən də razı qaldıq.

- Yeni transferlər gözlənilir?

- İstəyirik. Rəhbərliklə müzakirə aparırıq. Bir neçə mövqe var ki, heyəti genişləndirmək istəyirik. Alınmasa da, yetərincə yaxşı heyətimiz var, belə davam edəcəyik. Futbolçuların hər birindən razıyam.

- Felipe Paxtman üçün mövsüm bitib?

- Bəlkə bu ilin sonuncu turuna hazır oldu. Bəlkə də kubok matçında oynayar. Hələ konkret bir şey yoxdur. Onun yoxluğu da hiss edilir. Futbolçu kimi çox istedadlıdır, onu bəyənirəm. Amma artıq özü ilə söhbətimiz olacaq. Çünki onu komandada saxlayanda, başqa birini götürmək olmur. Hücumda rotasiyalar etmək imkanı azdır. Üç vacib oyun oynayacağıq. Çox istəyərdik ki, əlimizdə iki keyfiyyətli hücumçu olsun. Problemi həll etməliyik.

Digər Xəbərlər
Xəbər Lenti