"Biz ona “Qarabağ”la danışıq aparmasına icazə verdik"

27 May 2023 20:30 Zirə 1 846
"Biz ona “Qarabağ”la danışıq aparmasına icazə verdik"

Sportinfo.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 36-cı turunun "Sumqayıt"la görüşündən (3:0) sonra sualları cavablandırıb.

- Mövsümü başa vurduq. Əlimizdən gələni etdik ki, qələbə qazanaq və şansımızı sona qədər saxlayaq. Elə də oldu. Amma "Qəbələ" rəqib öz meydanında xal itirsə də, bu, bizə yetmədi. Eyni xalımız olsa da, avrokuboklardan kənar qaldıq. Buraxdığımız uşaq səhvlərinin həlledici olduğu göründü. Sona qədər mübarizə apardıq. Futbolçular inamlı və istəkli idi. “Kəpəz” və “Sabah”la oyunlarda qələbə qazana bilərdik. Bunu bacarmadıq. Futbolçulara mövsümə görə təşəkkür edirəm. Təbii ki, istəyərdik nəticə yaxşı olsun. Amma istədiyimiz nəticəni verə bilmədik.

- Yeni mövsüm üçün “Zirə”nin heyətdə çox dəyişiklik olacaq?

- Dəyişikliklər gözlənilir. Rəhbərliklə də görüşümüz olacaq, növbəti sezon hədəflərimiz və planlarımızla bağlı danışacağıq. Həmin görüşdən sonra çox şeyə aydınlıq gələcək. Keçən il də dəyişikliyə ehtiyacımız var idi. Ancaq edə bilmədik.

- Hamidu Keytanın “Qarabağ”a keçidi gündəmdədir...

- Bəli, Keytanın yaxın günlərdə “Qarabağ”a keçidi rəsmiləşəcək. Bu komandanın maraq dairəsində olan futbolçu idi. Cəzalı idi deyə, bugünkü oyunda oynamırdı. Biz də ona “Qarabağ”la danışıq aparmasına icazə verdik. Tərəflər arasında razılıq olub. Ümid edirəm ki, həm “Qarabağ”, həm də Keyta üçün uğurlu keçid kimi yadda qalar.

- Rəhim Sadıqov bu gün iki qol vurdu. “Zirə”nin nəticəyə ehtiyacı olduğu oyunlarda ön plana çıxmırdı...

- Yaxşı çıxış etdi. Bəzən bir çox oyunlarda da uğurlu çıxış edirdi. Amma nəticəyə çevirə bilmirdi. Penaltilər qaçırırdı, birəbir epizodlardan yararlana bilmirdi. Ümumi çıxışından razıyam. Hücum xəttimiz daha məhsuldar oynamalı idi. Hücum xəttində məhsuldarlığımız az idi, müdafiədə etibarlı oyunumuz çatmırdı. Nəticədə beşinci yeri tutduq. Mövsümboyu forvard baxımından əziyyət çəkdik. Rəhim Sadıqovu hücumçu kimi oynayırdıq. Gələn mövsüm daha geniş və keyfiyyətli heyət qurmaq istəyirik.

- Cari mövsümü Rəşad Sadıqov üçün uğursuz hesab etmək olar?

- Təbii ki. Rəhbərlik tərəfindən qarşımıza dördüncü yeri tutmaq hədəfi qoyulmuşdu. “Neftçi” və “Sabah”ın iddialı olduqları bəlli idi. Heyətlərini gücləndirmişdilər. Bəlli idi ki, bu mövsüm üçüncülük uğrunda mübarizə aparmaq çətin olacaq. Amma əsas hədəf dördüncü yer idi. 51 xal toplayıb dördüncü yeri tutsaydıq da, məmnun qalmayacaqdım. Daha yaxşı və stabil çıxış etməliydik. Daha yaxşı yerlərdə olmaq istəyirik ki, güclənməliyik. Mövsüm başlamayıb, amma biz aparıcı oyunçularımızı itiririk. Mütləq şəkildə güclənməliyik.

- Ən çox heyfsləndiyiniz oyun hansı oldu?

- Ən yaddaqalan “Qəbələ”yə qarşı matç idi. Səfərdəki oyunumuzu deyirəm. 90+4-cü dəqiqədə Ülvi İsgəndərov meydanın mərkəzindən qol vurmuşdu. Düşünürəm ki, həmin oyun həlledici oldu. O periodda xal ehtiyatımız var idi, “Qəbələ”dən öndə idik. Xal fərqini qorusaydıq, daha fərqli alınardı. Ağlıma dərhal gələn həmin matçdır. Amma belə oyunlar çoxdur.

- Bu mövsüm məşqçi kimi sizə nə verdi?

- Çox böyük təcrübə oldu. Hər şey seleksiyadan başlayır. Uğurlu seleksiya etmək lazımdır. Əgər sezonun əvvəli müəyyən mövqelər üçün oyunçu tapa bilmirsən, maddi imkanlara görə futbolçunu gətirmək alınmırsa, önəmli mövqelərdə boşluqlar varsa, mövsümboyu əziyyətini çəkəcəksən. Bu mövsüm mənə göstərdi ki, məşqçi üçün önəmli olan mövsümün əvvəlində yığdığı heyətdir. Nəyisə tələb edə bilərsən, icra olunmursa, tələbin də mənası qalmır. Bu mövsüm Konfrans Liqasına vəsiqə qazanmaq istəyirdik. Nəticə çıxardıb, komandanı daha da gücləndirmək lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti