"0-2-dən sonra "Qarabağ"la oyundan xalla ayrılmaq müşkül məsələdir" - Rəşad Sadıqov

21 Aprel 2023 22:50 Zirə 428
"0-2-dən sonra "Qarabağ"la oyundan xalla ayrılmaq müşkül məsələdir" - Rəşad Sadıqov

"Zirə" Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Xalqımızı Ramazan Bayramı münasibətilə təbrik edirəm. Çox həyəcanlı, maraqlı oyunun şahidi olduq. Bir tərəfdən məyus olursan, digər tərəfdən sevinirsən. "Qarabağ"la oyunda 0:2 geri düşmüsən, üçüncü qolu buraxsan, böyükhesablı məğlubiyyətə apara bilərdi. Halbuki oyun ortadaydı. Üstünlük rəqibdə idi, amma onlara qol şansı vermirdik. Amma təəssüflər olsun ki, ikinci hissəinin əvvəlində qollar buraxdıq. Hesabı bərabərləşdirəndən sonra iki yüz faizli qol imkanımız var idi. Dəyişikliklərdən sonra daha çox pressinq etməyə başladıq. Yaxşı qol imkanları oldu, təəssüf ki, istifadə edə bilmədik. Futbolçularıma təşəkkür etmək istəyirəm. "Qarabağ"la matçda 0:2-dən oyunu çevirmək, uduzmamaq böyük ürək tələb edir. Bu gün onlar bunu göstərdilər. Məni sevindirir. Qarşıdakı oyunlara baxacağıq.

- 0:2-dən sonra komanda ruhdan düşmədi. Qələbə üçün nə çatmadı?

- İki qol epizodunda daha soyuqqanlı ola bilsəydik... Amma çətindir. Səfərdə "Qarabağ"la oynayırsan, 0:2-dən 2:2-ni əldə etmisən. 90+4-də qol epizodu əldə etmisən, orada sterss etməmək mümkün deyil. Zərbə daha dəqiq getsəydi, qapıçı başqa küncə reaksiya versəydi, qol olardı. Bəlkə də ədalətli nəticə bərabərlik oldu. Çünki bilirik ki, 0-2-dən sonra "Qarabağ"la oyundan xalla ayrılmaq müşkül məsələdir. Futbolçularım bunu bacardı. Naşükürülük etmirik. Bu oyun fərqli nəticə ilə də bitə bilərdi. "Qarabağ" həmin dəqiqələrdə üçüncü qolu vursaydı, tam fərqli nəticə olardı. Şükürlər olsun ki, bir xal qazandıq.

- "Qarabağ" hesabı 2:0 edəndə narahat olduz ki, böyükhesablı məğlubiyyət ola bilər?

- Təbii ki. Həmin vaxtlar 7:1 hesabı ilə məğlub olduğumuz oyuna bənzədi. O matçda da ikinci hissəyə çox passiv başladıq. Qol buraxdıq və futbolçular demək olar ki, təslim oldular, mübarizə aparmadılar. Psixoloji cəhətdən də çox pis təsir etdi. Həmin matç ən çox yada saldığım oyundur. Futbolçularla daim o oyun ətrafında danışırıq. Mübarizəni yarıda buraxmaq nə deməkdir, o oyunu nümunə gətirirəm. Bilmirəm o səbəb oldu, onu xatırlayıb mübarizəyə davam etdilər, yoxsa özlərinin daxilən aqressiyası, istəyi artdı...Birinci qolu uğurlu və gözəl vurduq. Bu da futbolçulara motivasiya verdi. 2:0 hesabı elədir ki, bir qol vurduqdan sonra psixoloji üstünlük sən tərəfə keçir. Ardı da gələ bilərdi. Hər halda, bu nəticəyə də şükür edirik.

- "Zirə"nin avrokuboklara yollanması "Neftçi"dən asılıdır. Sizcə, onlar kubokda "Turan Tovuz"u keçə biləcək?

- Avrokuboklara getməyin ən əsas yolu üçlüyə düşməkdir. Ondan sonra artıq bu məsələlər ortaya çıxır ki, hansı komanda kuboku götürəcək, hansı komanda yollanacaq avrokuboklara. Üçlüyə düşmədikdən sonra onsuz da avrokuboklara vəsiqə sual altındadır. Xüsusilə də, "Sabah" və "Qarabağ" kimi favoritlərin kənarda qalmasından sonra, kuboku hansı komandanın qazanacağı sual altındadı. Açığı, şəxsən mənə psixoloji cəhətdən çox təsir etmişdi. Qış fasiləsindən sonra çempionata başlayanda da qarşımıza məqsəd qoymuşduq ki, risk edib, 10 xallıq fərqi aradan qaldırmağa cəhd edəcəyik. Bir çox oyunlara sırf hücum etməyə çıxırdıq. "Neftçi" ilə səfər matçına sırf hücum etməyə çıxmışdıq ki, qalib gələk, xal fərqini azaldaq. "Qəbələ" ilə oyunda da hücum futbolu oynayırdıq ki, mütləq qalib gələk, üçüncülüyü tutaq. Təəssüflər olsun ki, buraxdığımız səhvlər, istifadə edə bilmədiyimiz qol epizodları arada belə böyük xal fərqi yaratdı. Ancaq sona qədər dördüncü yer uğrunda mübarizə aparacağıq. Lakin indi dördüncü yerin favoriti "Qəbələ"dir. Bizdən bir oyun az keçiriblər, üstünlük onlardadı. Sona qədər mübarizə aparacağıq ki, dördüncü yeri tutaq və "Neftçi"nin kuboku qazanmasına ümid edək. "Neftçi" üçün "Turan Tovuz"a qarşı ağır və çətin oyun keçdi. Düşünürəm ki, cavab matçı da çox maraqlı mübarizə şəraitində keçəcək.

- Hamıya şans verirsiz, amma Mirsayib Abbasov oynamır. Səbəbi nədir?

- Bunu ədalətli şəkildə edirik. Rəqabətə baxırıq, məşqləri, oyunları izləyirik. Ona uyğun da müəyyən qərarlar veririk. Məsələn, qış fasiləsinə qədər Rüstəm Əhmədzadə çox az şans alırdı. Amma bu dəqiqə əsas heyətin üzvünə çevrilib. Belə davam edərsə, daha çox oynamaq şansı alacaq. Bu, sırf rəqabətlə bağlıdır. Başqa səbəb yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti