Hər məşqçi buna dözməz - Adamı intihar həddinə çatdırırlar

8 Aprel 2023 14:00 Zirə 881
Hər məşqçi buna dözməz - Adamı intihar həddinə çatdırırlar

Premyer Liqada ilk 3 yeri tutacaq komandalar bəllidir.

Hazırkı sıralama pozulmayacaq - «Qarabağ», «Sabah» və «Neftçi» mövsümün sonunadək olduğu yerdə qalacaq.

Bir də dördüncü yer uğrunda mübarizə gedir. Bu da əhəmiyyətlidir.

Liderlər qrupunun «qulağının dibi»ndə yer almağa iki iddialı var – «Zirə» və «Qəbələ». Birincilər ölkə kubokunda iştirakını dayandırıb.

Qəsəbə klubu qitə arenasına yollanmaq üçün bütün ümidini dördüncü sıraya bağlayıb. «Qəbələ» daha avantajlı durumdadır.

Əvvəla, kubokun yarımfinalındadırlar. «Səbail»i bu mərhələdən uzaqlaşdırsalar, finalda «Neftçi» - «Turan Tovuz» cütünün qalibi ilə qarşılaşacaqlar.

«Zirə»nin arzusu odur ki, özü çempionatda 4-cü olsun, kuboku isə «Neftçi» qazansın.

Bu mənada dünən Qəbələdə keçirilən qarşılaşma hər iki tərəf üçün çox əhəmiyyətli idi. «Zirə» səfərdə pis təsir bağışlamadı.

Döyüşdülər. Ən azından, 1 xal əldə etməyə çalışdılar.

Rəşad Sadıqovun hesablamaları tabloda öz yerini tutacaqdı, di gəl, həmişəki problem yenə açıq verdi. Arxa xətdəki fərdi səhvlər qonaqların baş məşqçisinin arzularını yerə vurdu.

Doğrudan da, qəribədir: «Zirə» cari mövsüm heç cür xətalardan özünü sığortalaya bilmir.

Anar Nəzirovun ilk qoldakı yanlışına izah tapmaq çətindir. Əlli ilin qapıçısıdır, üzərinə gələn «yumşaq top»u qapıya elə yüngülf formada qapıya tərəf itələdi ki…

Yaşına-başına yaraşmadı.

Mövsümün əvvəlində «Neftçi» ilə oyuna təsadüf edən səhvi də yadımızdadır. O belə, Mehdi Cənnətov elə.

Rəşad Sadıqov bunların üstündə əsir, bir də Anara, Mehdiyə bax! Qapıya kimi qoyur qoysun, kobud xətalar bir-birini əvəzləyir.

Görürsən ki, hər dəfə biri, yaxud müdafiəçilərdən hansısa gül kimi gedən oyunun içinə zibil qoymasa, dincəlmir. Nədir bu «xəstəliy»in səbəbi, gəl, baş aç da. Müsibətdir.

Rəşad Sadıqova yenə də səbr və dözüm arzulayıram. Hər məşqçi bu ağır mənzərəyə dözməz. Adamı intihar həddinə çatdırırlar.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"