"Zirə"nin canı bir də bunlardan qurtarsaydı…

6 Fevral 2023 10:40 Zirə 566
"Zirə"nin canı bir də bunlardan qurtarsaydı…

Bütün yollar «Zirə»ni avrokuboklara aparmır.

Kubokdan ələnmiş komandanın bütün plan və arzuları Premyer Liqa ilə bağlıdır.

Dördüncü yer uğrunda mübarizə Biləcəridən o tərəfə «pəncərə» açan yeganə ümid işığıdır. Burada isə «Qəbələ» onların əsas rəqibidir.

Dünən bu iki tərəf Zirədə üz-üzə gəldi, 90 dəqiqə gərgin və maraqlı keçən qarşılaşma bolqollu sülhlə bitdi.

Ev sahibləri lap əvvəldə topu öz qapısından çıxarmalı oldu. Tez da hesabı bərabərləşdirdilər.

Fasiləyə yaxın penaltini qaçırdılar. İkinci hissədə hesabı öz xeyirlərinə dəyişdilər. Daha sonra status-kvonun bərpa olunmasına əngəl ola bilmədilər.

«Zirə»nin oyunu yaxşılaşıb və təkmilləşib. Mövsümiün ilk bölümündə nə çatışmazlıqları gözə dəyiodisə, çoxunu qış fasiləsində aradan qaldırıblar.

Monoton və asta oynamırlar indi. Hamidu Keytanın forma yığması ön xətti canlandırıb. Fransalı istər vinger, istərsə də hücumçu kimi çox iş görür.

Gəl ki. biz eyni sözləri Mehdi Cənnətov və Rəhim Sadıxov haqda deyə bilmirik. Deyərik ki, amma tamam başqa cür.

Cənnətov ona cənnət vəd etməyən səhvləri ilə artıq neçənci dəfədir «Zirə»yə qurşaqdan aşağı zərbə endirir. Qapısında Mehdinin dayandığı komandaya düşmən lazım deyil.

Uzun illərdir Premyer Liqa səviyyəli yarışda çıxış edir, hələ də «dünənki uşaq» kimi dayanır qapıda, saqqalından utanmır.

«Zirə» üstünə gələn topu önünə atan Anar Nəzirov və Mehdi Cənnətov kimi qapıçılardan canını qurtarsaydı, bir gün görərdi.

Biz hələ Rəhim Sadıxovu demirik. Rəşad Sadıqov yayda «Sumqayıt»dan gələn yarımmüdafiəçiyə meydanda hər cür azadlıq tanıyıb.

O isə bu azadlıqdan sui-istifadə etməkdədir. Keçən dəfə «Neftçi»nin qapısına penaltini vurmaq üstündə komanda yoldaşı Hamidu Keyta ilə mübahisə etdisə, bu dəfə Səlahət Ağayevi keçə bilmədi.

Rəhimi «onbirlik» nöqtəyə yaxın buraxmamaq lazımdır, yağ kimi gedən oyunun içinə bir də gül düzməsin deyə.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti