"Qarabağ" bu gün qarşısıalınmaz idi" - Rəşad Sadıqov

18 Sentyabr 2022 23:10 Zirə 701
"Qarabağ" bu gün qarşısıalınmaz idi" - Rəşad Sadıqov

"Zirə" Azərbaycan Premyer Liqasının 7-ci turunun oyununda doğma meydanda "Qarabağ"a 1:7 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qələbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavabandırıb:

- Çox danışılacaq bir şey yoxdur. Rəqib açıq-aşkar bizdən üstün idi. Birinci hissədə düşündüyümüz kimi oyun gedirdisə, ikinci hissədə bunun əksini gördük və nəticədə böyükhesablı məğlubiyyət oldu.

- Ağır məğlubiyyətin səbəbini nə ilə əlaqələndirərdiz?

- Bir çox səbəblər var. "Qarabağ"ın futbolçuları bu gün böyük istəklə oynayırdılar. Adətən belə periodda, dalbadal oyunlarda "Qarabag"da boşluq görürdük. Amma bu gün hər futbolçu motivasiya ilə oynayırdı. 43-cü dəqiqədə o cür qol buraxmaq bizə psixoloji cəhətdən zərbə oldu, rəqibin isə özünəinamını artırdı. Komandalar ikinci hissəyə fərqli psixoloji halda çıxdılar. Bundan sonra da top itkilərimiz, kobud səhvlərimiz oldu, birə-bir mübarizələrdə uduzduq. Rəqibin qaçırdığı cəmi bir epizod var. 8 epizod yaratdılar, 7-si qol oldu. Avropa oyunlarında "Qarabağ"ın 8-9 qol epizodu olursa və bunun ikisindən yararlanırsa, bu yaxşı göstərici hesab olunur. Bu gün isə nə vurdularsa, hamısı qol oldu. "Qarabağ"ın hücum xəttindəki oyunçular çox dəqiq idi.

- "Qarabağ"ın "Nant"la ağır matçdan sonra belə oynayacağını gözləyirdiz?

- Təbii ki, biz də düşünürdük ki, dalbadal oyunlardan sonra "Qarabağ" çətinlik yaşayacaq. Əvvəlki oyunlarda bunu görmüşdük. Amma bu gün "Qarabağ" qarşısıalınmaz idi. Çox yaxşı oyun nümayiş etdirdilər. Hesab 3:1 olandan sonra oyun qopdu. Ondan sonra müəyyən dəyişikliklər etdik ki, hesab daha böyük olmasın. Amma nəticəsi böyük hesabla məğlub olduq.

- "Qarabağ"ın bütün şansları dəyərləndirməsi sizin müdafiədəki boşluqlardan irəli gəlirdi, yoxsa şanssızlıq idi?

- Həm müdafiədə boşluq var ki, cərimə meydançasında topu belə rahat qəbul edirlər. Həm də ki, bu gün Musanın günü idi. Nə edirdisə, alınırdı. Hansısa komandanın çox uğursuz və uğurlu günü olur. Bu gün ikisi bir-birini tapmışdı.

- Start heyətiniz diqqət çəkdi, daha çox müdafiəyə meyilli idi. Bu nə ilə bağlıdır?

- Əslində fikirləşirdik ki, ilk hissədə qapanaq və daha çox əks-hücumlara bel bağlayaq. İkinci hissədə daha çox hücumameyilli oyunçularla bunu etməyə çalışdıq. Çünki, birinci hissədə topla heç nə alınmırdı. Hesab istədiyimiz kimi olsa da, düşündüyümüz oyun planı işləmirdi. 35-40-cı dəqiqədən sonra sistemi də dəyişmişdik. Sistemi dəyişəndən sonra ona uyğun da dəyişikliklər etdik. İstəyirdik ki, həm hücumda, həm müdafiədə aktiv olaq. Amma əks effekt verdi.

- Qismət Əliyev hesab 1:3 olandan sonra meydana çıxdı. Bunun səbəbi nə idi?

- Zədəli idi, məşq etməyib. Həkimlər dedi ki, maksimum 25-30 dəqiqə oynaya bilər. Keyta da zədəli idi. Ona da 1:4 olandan sonra dəyişdim ki, risk etməyək. İkisi də dünən daha çox fərdi məşq ediblər.

- Sanki Çantakiasdan çox narazı idiniz...

- Tək Çantakias deyil. Bir çox futbolçular bu gün ən zəif oyunlarını keçirdilər. Rəqibin buna vadar etməyini də nəzərə almaq lazımdır. Mənim oyun fəlsəfəmdə meydanın mərkəzindən cərimə meydançasına asma yoxdur. Mənim verdiyim tapşırıq yox, futbolçu öz ağlında olanı edəndə nəticə də belə olur. Bu gün bütün futbolçular performanslarından çox aşağı çıxış etdilər.

- Bu nəticə komandada inamsızlıq yaratmayacaq?

- Düşünmürəm. Hər məşqçinin karyerasında 1-2-3 böyükhesablı məğlubiyyət olur. Mən də buna həmişə özümü hazır etmişəm. Bu gün oldu. Daha güclü olmalı, daha güclü qayıtmalıyıq. Çünki, bizi qarşıda iki həlledici oyun gözləyir. Bu günki oyunda ümid edirdik ki, rəqibin səhvindən yararlanıb bir xal qazanarıq. Amma reallıq odur ki, bu gün "Qarabag" bizdən ikibaş güclü idi. Bu matçda xal qazanmayacağımız ehtimalı var idi. Mənim üçün vacib olan bundan sonrakı "Turan Tovuz" və "Şamaxı" ilə oyunlardır.

- "Qarabağ"ın Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsiz?

- Möhtəşəm.

- Sizin fikrinizcə qrup səddini keçə bilər?

- Ümumiyyətlə "Qarabağ"ın fəlsəfəsi həmişə elə oyun ki, hər oyundan-oyuna düşünüblər. Düşünürəm ki, hazırda da eyni mental hazırlıq gedir. Komanda artıq "Olimpiakos"la oyuna hazırlaşacaq. İndi bu söhbəti etməyin "Qarabağ"a heç bir faydası yoxdur. Bu, zərərdən başqa şey deyil. Yaxşı olar ki, azarkeşlər, futbol ictimaiyyəti də komanda kimi növbəti matça hazırlaşsın, qrupdan çıxmaq barədə danışmasın.

Digər Xəbərlər
Xəbər Lenti