Azərbaycanlı De Bruyne

6 Sentyabr 2022 17:40 Zirə 4 611
Azərbaycanlı De Bruyne

«Zirə»nin baş məşqçisi Rəşad Sadıqov «Qəbələ»yə iki qol vuran Rəhim Sadıxovu «Mançester Siti»nin ulduzu Kevin De Bruyneyə oxşadıb.

Maraqlı bənzətmədir. Hesab etmirəm ki, Sadıqov Sadıxovun ünvanına kompliment deyib.

Onu belə tanımıram. Sadıqov nadir hallarda futbolçusunu kiminləsə müqayisə edir.

Rəhim-De Bruyne bənzətməsi üçün müəyyən əsas var və düşünürəm ki. o, istəsə, öz üzərində daha çox çalışsa, kayrerası daha uzaqlara gedə bilər.

Allah Sadıxova istedad verib. Yaradılışdan futbolçudur. Sadəcə, o, formasını geyindiyi əvvəlki klublarda sərbəst rejissor olmağa öyrəşib.

Ürəyi necə istəyib, elə də oynayıb. Əhval-ruhiyyə futbolçusu olmağa adət edib. Kefi yerində olmayanda, meydançada gəzişib, oyun seçib.

Rəşad Sadıqov onu yavaş-yavaş dəyişdirir. Bu da Rəhimin komanda oyuneusu olması üçündür, başqa bir niyyət güdmür.

Rəhim yeni baş məşqçisinin dediyi yolla getsə, ta ona zaval yoxdur, Avropada hansı ortabab klubun üzərinə barmağını tuşlasa, menecerlər oradan təklif götürüb gətirəcək.

Sadıxovun «Qəbələ»yə vurduğu hər iki qol dərslik vəsaitidir. Nəvaxtdır Premyer Liqada belə baxımlı qollar izləmirdim.

Axı nə qədər «robot» futbolçulara tamaşa etmək məcburiyyətində qalmaq olar, adam bezir lap.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti