"Elə hadisələr baş verdi ki, həyatımın sonuna qədər yaddaşımda qalacaq" - VİDEO

5 Sentyabr 2022 02:00 Zirə 846
"Elə hadisələr baş verdi ki, həyatımın sonuna qədər yaddaşımda qalacaq" - VİDEO

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 5-ci turunun "Qəbələ" ilə görüşündən sonra mətbuat konfransında çıxış edib.

Sportinfo.az xəbər verir ki, Sadıqov komandasının 2:1 hesablı qələbəsini şərh edib:

- Çox gərgin oyunun şahidi olduq. "Sabah"la oyunu çıxmaq şərtilə bütün matçlarımız gərgin keçib. Azarkeşlər üçün də maraqlı olurdu. Əslində, oyuna pis başlamadıq. Sonradan müəyyən üstünlük keçdi "Qəbələ"nin tərəfinə. Penaltidən sonra oyunu dəyişə bildik, daha aqressiv oynamağa başladıq. Standart vəziyyətdən istifadə edib hesabı bərabərləşdirdik. Sonradan isə üstünlük gah "Qəbələ", gah da bizim tərəfdə olurdu. Çünki həm biz, həm də onlar topla oynamağı xoşlayan komandadı. Hər iki komandada da yetərincə yaxşı oyunçular var. Maraqlı mübarizənin şahidi olduq. Hər iki komanda qələbəyə layiq idi, amma qazanan tərəf biz olduq. Futbolçularımı təbrik edirəm.Psixoloji cəhətdən çox ağır idi. Çünki rəqib "Qəbələ" idi, turnir cədvəli var idi. Bu cür oyunda hesabda geridönüş etmək xarakter və ustalıq tələb edir. Göstərdikləri xarakterə görə onları təbrik edirəm.

- Elmar Baxşıyev mətbuat konfransında bildirdi ki, "bu gün güclü qalib gəlmədi"...
- Onun xətrini çox istəyirəm. Həm də işinə, həm də şəxsiyyətinə böyük hörmətim var. Uzun illərdir ki, bir-birimizi tanıyırıq. Fikrinə də hörmətlə yanaşıram. Ola bilsin ki, elə görür, fikirləşir. Amma məncə, hər iki komanda qələbəyə layiq idi. Hansı komanda qalib gəlsəydi, deyəcəydim ki, layiq olan qalib gəldi. Çünki oyun sürətli şəkildə bir qapıdan o biri qapıya inkişaf edirdi. Yəni, hər an hesab dəyişə bilərdi. Elə oldu ki, Rəhim Sadıqov ustalıqla qol vurduq və vacib qələbə qazandıq.

- Oyunun taleyini necə dəyişdiz?
- Oyunun taleyini Allah dəyişdi. Biz sadəcə səbəblərdən götürürdük. Sonradan oyuna daxil olanlar da oyunu canlandırdılar, gücümüzə güc qatdılar. Həlledici an, futbolçularımın bu cür çətin məqamda qətiyyətli və iradəli olmaları idi. Ağır dəqiqələrdə belə, məğlubiyyəti düşünmürdülər, qələbə haqda fikirləşirdilər. Belə olanda da qələbə gəlir.

- Toni Qomeş və Andriya Lukoviçin çıxışını necə dəyərləndirirsiniz?
- Çox heyfslənirəm ki, onlar komandaya gec qoşuldular. Yaxşı olardı ki, mövsümün əvvəli gələrdilər. Heyət geniş olanda, dərhal görürsən ki, sistemdə hansısa dəyişiklik edə blirsən. Ancaq heyət kasad olduqda, oyuna güc qatmaq istəyəndə əlində material olmur. Oyuna yaxşı daxil oldular və düşünürəm ki, hələ gələcəkdə optimal formalarını bərpa etdikdən sonra daha çox xeyir verəcəklər.

- Qapıçı dəyişikliyi nə ilə bağlı idi?
- Oyundan öncə belə qərar verdik. Əslində, Anar ötən mövsümün sonlarında Mehdi zədələndə də çox uğurlu çıxış etmişdi. Hər an da ağlımdan bu iki qapıçı arasında seçim etmək keçirdi. Əvvəlki turlarda Mehdiyə, bu tur isə Anara üstünlük verdim.

- Rəhim Sadıqov yəqin ki, gələndən sonra ən yaxşı oyununu oynadı. Burada hücumda oynamağının da önəmi var idi. Bu mövqedə davam edəcək?
- Rəhim bizim komandaya gələndə özündə hücumçu keyfiyyətləri gördüm. Özü ilə də danışmışdım. Sürətli, ağıllı, usta oyunçudu. Bu oyunda da ondan hücumçu kimi istifadə etməyi düşündüm. Əslində, əvvəlki oyunlarda da Rəhimdən hücumçu kimi istifadə etməyi düşünmüşdüm. Amma bu oyunda qəti fikrim belə idi. Özü ilə də dünən danışmışdıq. Çox faydalı da oldu. Rəhim universal futbolçudu, sağ və sol cinahda da oynaya bilər, pleymeker kimi də oynamağı bacarır. Onu De Bruyneyə oxşadıram. Çünki o da "Mançester Siti"də cürbəcür mövqelərdə oynayır. Bəzən görürsən ki, hətta dayaq yarımmüdafiəçisi kimi də oynayır. Rəhim son dəqiqələrdə dayaq yarımmüdafiəçisi mövqeyində də oynayır. Bu cür futbolçun olanda, məşqçi üçün avantajdı

- Təmkin Xəlilzadə və İlkin Muradovun taleyi necə olacaq?
- Hər dəfə bu sualı cavablamaq istəmirəm. Qərarları da məni sevindirir ki, ən azından əvəzedici heyətdə oynayırlar, formada qalırlar. Gələcək karyeraları üçün vacib qərardı. Biz də yolumuza davam edirik. Çalışacağıq ki, gələcəkdə daha güclü kollektiv quraq.

- Demək olar ki, məşqçi karyeranızın ən çətin dövrünü yaşayırsınız?
- Xeyr, qəti o haqda düşünmürəm. Bəlkə də mövsümün sonu deyəcəm bunu. Əslində, mən çox sakitəm. Sadəcə oyunun gedişində elə epizodlar olur ki, aşırı emosiyalar ilə reaksiyalar verirəm. Ki, futbolçulara da təsir etsin. İlk ilimdə çempionatın sonu idi, kubok və liqa oyunlarında müəyyən hadisələr baş verdi ki, həyatımın sonuna qədər yaddaşımda qalacaq. Bilmirəm ondan betər dövr olacaq, ya yox. Amma iki il ərzində futbodda məşqçi kimi yaşadıqlarım az olmadı. Mövsümün əvvəlidi, başa düşürəm ki, xal itkisi də olacaq, alınmayan oyun da ola bilər. Futbolçular da optimal formada deyil. Oyundan-oyuna daha yaxşı formaya düşəcəklər. Səbrli və təmkinli olmaq lazımdı. Bu gün qalib gəlməsəydik də, eyni fikirdə qalacaqdım. İşləməyə davam etmək lazımdı. Sona qədər mübarizə aparmalıyıq. Ən vacibi isə mayda turnir cədvəlini bizə lazım olan mövqedə bitirməkdi.

Digər Xəbərlər
Xəbər Lenti