Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Şerif” – “Zirə” görüşünü isveçrədən olan hakimlər briqadası idarə edəcək.
Moldovada keçiriləcək oyunda əsas söz sahibi Alessandro Dudiç olacaq.
Yan xətlərdə ona Paskal Hirzellə Susann Kunq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anoyen Kanaqasinqam yerinə yetirəcək.
2018-ci ildən İsveçrənin yüksək dəstə oyunlarına təyinat alan 35 yaşlı ədalət təmsilçisi 2019-cu ildən yaxasında FİFA-nın emblemini daşıyır.
Yerli çempionatda zəngin təcrübəyə malik olsa da, eyni sözləri beynəlxalq görüşlər haqda demək çətindir. Dudiç avrokuboklarda 9 oyunda dördüncü hakim funksiyasını yerinə yetirib. Baş hakim kimi meydana çıxdığı matçların sayı isə cəmi 2-dir.
Milli komandalar səviyyəsində U-17, U-19, U-21 seçmələrinin duellərində fit çalıb. Lakin bir dəfə də olsun əsas yığmaların oyunlarına təyinat almayıb.
Göründüyü kimi, Alessandronun beynəlxalq oyun təcrübəsi zəngin deyil. 35 yaşlı referinin avrokuboklarda cəmi 2 matçda iş başında olması başqa cür düşünməyə əsas vermir.
Odur ki, “Zirə”nin futbolçuları son dərəcə diqqətli olmalıdır. Hər halda, “Şerif” öz meydanında doğma azarkeşlərinin önündə oynayacaq. Tribunaların təzyiqi və meydan sahibi amili təmsilçimizə təhlükə yarada bilər.
İyulun 11-də keçiriləcək “Şerif” – “Zirə” dueli Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

