Məlum olduğu kimi, Türkiyə Superliqasının 15-ci turunda keçirilən derbidə “Qalatasaray” və “Fənərbağça” 1:1 hesabı ilə kifayətlənib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra hər iki klub rəhbərliyinin açıqlamaları gərginliyi daha da artırıb.
Derbi sonrası ən sərt reaksiya “Qalatasaray”dan gəlib. Belə ki, matçdan sonra klubun ikinci prezidenti Metin Öztürk oyunun hakimi Yasin Kolun idarəçiliyini teatra bənzədib:
“Türk futbol hakimliyi bu cür üsullarla xilas ola bilməz. Çox zəif hakimdir! Belə bir matça FIFA təyinatlı hakim lazım olduğu halda, bu hakimi təyin edirlər.
İkinci hissə “Qalatasaray”ı oynatmamaq üçün hər şey edildi. Ortada bir teatr oynanır və biz bunu seyr etməyəcəyik. Sonuna qədər bu məsələni nəzarətdə saxlayacağıq”.
“Fənərbağça”nın mətbuat sözçüsü Ali Gürbüz isə jurnalistlərə açıqlamasında komandanı göstərdiyi mübarizəyə görə təbrik edib:
“Bugünkü oyunun nəticəsindən anladıq ki, rəqib buraya heç-heçə üçün gəlib. Futbol dünyanın hər yerində ayaqla oynanan oyundur.
Bizim futbolçularımız da bunu etdi. Oyunçularımızın ayaqda qalıb son dəqiqəyə qədər mübarizə aparmalarına görə onları təbrik edirəm”.

