Qəbələdə “Qarabağ” havası – Güclü təbliğat, 70-80 faiz, azı 1 xal ümidi...

9 Oktyabr 2022 16:20 Qarabağ 806
Qəbələdə “Qarabağ” havası – Güclü təbliğat, 70-80 faiz, azı 1 xal ümidi...

“Sabah bizi çətin oyun gözləyir. ”Qarabağ”ın uğurları, göstərdiyi oyun və heyəti göz qabağındadır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ” – “Qarabağ” qarşılaşmasından öncə bölgə təmsilçisinin aparıcı azarkeş qrupu – “Red Black Army”nin rəhbəri Cavad Şərifli deyib.

Ağdamlıların Yunanıstandan parlaq qələbə ilə qayıtdığını, üstəlik, son görüşlərdə rəqiblərini böyük hesab məğlub etdiyini nəzərə alsaq, meydan sahiblərinin işinin asan olmayacağı dəqiqdir.

Bu yerdə azarkeş dəstəyi “Qəbələ”nin köməyinə çata bilər ki, əsas yük bölgənin futbol həvəskarlarının üzərinə düşəcək.

Şərifli oyunla bağlı ciddi hazırlıq işlərinin görüldüyünü desə də, azarkeş sayı ilə bağlı dəqiq rəqəm söyləməkdə çətinlik çəkdi:

“Həmişə “Qarabağ”, “Neftçi” kimi komandalarla oyunlarda digər matçlarla müqayisədə azarkeş sayı çox olur. Oktyabrın 9-da stadionumuzun tam olmasa da, 70-80 faiz dolacağını düşünürəm.

Bazar günüdür və oyunun başlama saatı da normaldır. “Red Black Army” azarkeş qrupu olaraq həmişəki kimi tribunada olacağıq və nəticə nə olur olsun 90 dəqiqə komandamıza dəstək verəcəyik.

Ali məktəblərdə tədris ili başlayıb. Üzvlərimizin 30-40 faizi Bakıda tələbədir. Ona görə də sayımızın dəqiq nə qədər olacağı oyun saatında bilinəcək.

Həmişəki kimi matçla bağlı afişalar kəndlərdə və şəhər mərkəzində vurulub, sosial şəbəkələrdə də elanlar yazılıb.

“Red Black Army”nin rəhbəri “bu oyunda “Qəbələ”dən nə gözləyirsiniz” sualına bir cümlə ilə cavab verdi:

“İnşallah, komandamızdan azı 1 xal gözləyirik”.

Oktyabrın 9-da Premyer Liqanın 9-cu turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Qəbələ” görüşü saat 17:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti