Sevdi can səni!

7 Aprel 14:00 Turan 712
Sevdi can səni!

10-9-10.

«Turan Tovuz» qələbə hesabını məğlubiyyət sayına çatdırdı.

Bunu Tovuzda, «Sabah»la qarşılaşmada etdilər. Aleks Souza və Otto Con hərəyə bir qol vurdu.

«Turan» doğma rayonda qalib gəlməyə öyrəşib artıq. Ayxan Abbasovun ən böyük uğuru bu olsun gərək.

Ev sahibləri hər iki hissədə «Sabah»a öz gücünü qəbul etdirdi. Abbasov qapalı futbol oynatmadı, ürəklə mübarizə aparmaqlarını istədi komandasından.

Belə də etdilər. Salamatı da elə bu idi, hər şey alındı.

Aleks Souza «Sabah»a Masazırda da qol vurmuşdu, bu da ikincisi. Braziliyalı hücumçunun qol sevincini tovuzlu azarkeşlərla iç-içə bölüşməsi görülməsi gərəkən mənzərə kimi həmişə yaddaşlarda qalacaq.

«Turan»ın formasını geyinən ikinci belə istiqanlı legioner tanımıram, açığı. Aleksin qollarının ardı gələcək, çünki yerli publikaya doğmalaşıb artıq.

Tribunadan dəstək almaq hər hücumçuya nəsib olmur. Aleks işin yarıdan çoxunu gördü bununla.

Avrokuboklara vəsiqə? Qarşıdakı iki-üç tur ərzində bu sualın cavabıyla tanış olacağıq.

Sürət yığmış kimi görünürlər. Yəqin ki, Ayxan Abbasov bu barədə ciddi-ciddi nələrsə fikirləşir.

Və onları həyata keçirmək naminə hər şeyi gözünün altına alıb, beyninin bir küncünə yerləşdirib.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti