“Gör neyləyirsən” – Şübhəli mesajın açıqlamasını verdi

17 Noyabr 2022 16:40 Turan 698
“Gör neyləyirsən” – Şübhəli mesajın açıqlamasını verdi

Ötən bazar Gəncədə baş tutan “Kəpəz” – “Turan Tovuz” qarşılaşması bir sıra maraqlı görüntülərlə yadda qaldı.

Onlardan biri də qonaqların müdafiəçisi Tərlan Quliyevin ikinci hissənin startında meydana daxil olmağa hazırlaşanda yaşanan an idi.

Təcrübəli müdafiəçi ilk yarının sonlarında zədələnən Şəhriyar Əliyevi əvəz etmək üçün dördüncü hakimin yanında dayananda, gəncəli azarkeşlər tribunadan atmaca atdı.

Maraqlıdır ki, Tərlan buna sərt formada yox, gülərək, sadə üsulla cavab verdi.

Tərlanın vaxtilə “Kəpəz”də forma geyindiyini nəzərə alsaq, yerli azarkeşlərin ona hansısa formada etiraz etməsi anlaşılandır. Amma yox.

Səbəbkar Sportinfo.az-a açıqlamasında həmin an yaşanan maraqlı epizodu nəql edib. Sən demə, azarkeşlər Quliyevə eturaz yox, onunla zarafat etmək istəyib:

“Qərb derbisində özümə qarşı isti münasibət görmək həqiqətən xoş oldu. O cür ajiotajda yaxınlaşanlar, hal-əhval tutanlar, hətta dəstək verənlər də oldu.

“Kəpəz”də oynadığım dönəmdə şəxsən tanış olduğum insanlardan doğma münasibət gördüm. Hər birinə təşəkkür edirəm.

O ki qaldı dediyiniz epizoda, ikinci hissənin əvvəlində əvəzetmədən oyuna qoşulmaq üçün hakimin qərarını gözləyirdim.

O an arxamdakı tribunadan “Tərlan, Tərlan” qışqırdılar. Gördüm, dayanmadan çağırırlar, dönüb baxdım. Qışqırdılar ki, “Tərlan, gör neyləyrsən”.

Təbii ki, zarafatyana deyirdilər. Vaxtilə “Kəpəz”də oynadığım üçün səmimi zarafat idi. Mən də gülə-gülə “Allah köməyiniz olsun” cavabını verdim. Cavabımdan sonra onlar da güldü. Həqiqətən maraqlı an yaşandı.

Gəncəlilər futbolu dərindən bilir, təhlil edir, “Kəpəz”i sevirlər. Şəhərin komandası son pillələrdə yer alıb. Amma görün oyunlara nə qədər azarkeş gəlir”.

Tərlan Quliyev 2015/16 mövsümündə “Kəpəz”in heyətində 36 oyunda şans qazanmaqla 1 qola imza atıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti