"Qarabağ" və "Neftçi" kimi klublardan öndə olmuşamsa..."

8 May 2020 13:54 Sumqayıt 1 028
"Qarabağ" və "Neftçi" kimi klublardan öndə olmuşamsa..."

"Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a müsahibə verib.

- Koronavirus pandemiyasına görə yaranmış fasilənin zərərləri ən çox idman sektorunda hiss olunur. Maraqlıdır, belə çətin günləri "Sumqayıt" klubunun mətbuat xidməti necə keçirir?

- Əlbəttə, çox çətin və olduqca darıxdırıcı günlər keçiririk. İnşallah ki, tez bir zamanda bu bəladan qurtulub yenidən işimizin başına qayıdarıq. Hamılıqla bunu arzulayırıq. Ümumi götürsək, evdə qalsaq da ilk gündən işimizi davam etdiririk. Həmçinin bir futbol klubunun mətbuat xidməti olaraq bu dövrdə boş qalmadıq. Zaman-zaman müxtəlif layihələr, rubrikalar, “onları nə qədər tanıyırsız” adlı sual-cavab oyunu və bəzi maraqlı məlumatlarla azarkeşlərimizin görüşünə gəldik. İstər yazı qismində, istərsə də görüntü qismində kiçik tariximizi və maraqlı görüntülər paylaşdığımızı düşünürəm. Görüntü olaraq, keçmiş oyunlarımızın icmalı, əsas, əvəzedici komandalarımızın virtual məşqləri, “evdə qal sağlam qal” şüarı altında futbolçularımızın video görüntüləri, “Sumqayıt” Futbol Akademiyasından baxımlı qollar və maraqlı video görüntülər düşünürəm ki, azarkeşlərimiz üçün maraqlı oldu.

- Sosial şəbəkələrdə ən fəal klub sizsiniz. Hətta "Qarabağ" və "Neftçi" kimi klubları belə qabaqlayırsınız. Bu işgüzarlığın kökündə nələr durur?

- İlk öncə saytınızda gedən araşdırma yazı ilə bağlı sizə minnətdarlığımı bildirirəm. Mənim özüm üçün də çox maraqlı oldu. Açığı, bu işi görən zaman kiminləsə, hansı klublasa mübarizəni düşünməmişəm. Bu bizim işimizdir. Bu klubda işə başladığım gündən hər zaman işimi vicdanla və məsuliyyətlə görməyə çalışmışam. Əgər bu sahədə bu çətin günlərdə “Qarabağ” və “Neftçi” kimi klublardan öndə olmuşamsa, türklər demişkən “nə mutlu mənə”. Tam səmimi deyirəm bu karantin müddətində əgər bu işi uğurlu iş kimi qələmə veririksə, bu hissədə bizim əməkdaşımız Fərhad Bayramovun xidməti danılmazdır. Bütün paylaşımlarımızn ərsəyə gəlməsi, ümumi işimizin uğurlu olması hər ikimizin əziyyətinin bəhrəsidir. Karantin müddəti 31 maya qədər uzadılıb. Bu səbəbdən görünür hələ bir müddət də evdən çalışmalı olacağıq. Bacardığımız qədər bu müddət ərzində azarkeşlərimiz üçün maraqlı olacaq nələrsə hazırlamağa çalışacağıq.

- Adətən bizim klublarda bir neçə işi bir nəfər görür. Yəqin ki, "Sumqayıt"da da mətbuat xidmətinin çox sayda işçisi yoxdur. Geniş imkanlar olsa, başqa nələr etmək olardı?

- Verdiyiniz sual bir qədər çoxşaxəlidir. Gəlin bu məsələni məhz pandemiya müddətindəki işlə əlaqələndirək. Düşünürəm ki, bu boş vaxtlarda böyük işlər görmək üçün 2 nəfər də, məncə,yetərlidir. Çünki, böyük işlər görmək üçün evdən çıxa bilmirsən, futbolçu və məşqçi heyəti ilə görüşə bilmirsən. Bu səbəbdən az sayda əməkdaşın olması da məncə yetərlidir.

- Statistik xəbərlər daha çox zaman alır. Bu tip xəbərləri hazırlayanda yorulub, bezdiyiniz məqamlar olurmu?

- 2011/2012 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt” Futbol Klubunun rəsmi internet səhifəsində istənilən mövsüm üçün statistik məlumatlara rast gələ bilərsiniz. Sırf mətbuat xidməti olaraq, çalışdığım ilk gündən hər mövsüm üçün statistik məlumatları bacardığım qədər gecikdirmədən hazırlamışam. Açığı, bu işdə bir çətinlik görmürəm, sadəcə bir qədər vaxt aparan məsələdir. Bu statistik məlumatlar yalnız əsas komanda ilə kifayətlənmir. Bizim rəsmi internet səhifəmizdə əvəzedici komandanın da statistik göstəricilərini görə bilərsiniz. Bu pandemiya dövründə əsas, əvəzedici komanda ilə yanaşı biz akademiyamızdan da maraqlı statistik göstəriciləri azarkeşlərimizə çatdırdıq.

- Bu müddətdə hansı paylaşım daha çox vaxtınızı sərf etməyə səbəb olub?

- Bu müddət ərzində ən çox vaxtımızı alan paylaşım 10 illik tarixlə bağlı “Yaxın keçmişə səyahət” rubrikası olub. Məncə çox uğurlu layihə alınıb. 10 illik tarixlə bağlı bütün məlumatlar bu yazıda öz əksini tapıb. Bu paylaşımlar azarkeşlərimiz tərəfindən də maraqla izlənilirdi. Bunu şərhlər bölümünə gələn fikirlərlə də açıq-aydın sezmək olurdu. Hətta sizə deyim ki, sabiq futbolçularımız da bu layihəni izləyirdi. Şərh bölməsində bu yazılara görə bizə təşəkkür edən keçmiş futbolçularımıza da rast gəlmək mümkündür. Mən sizə açıq deyirəm, məhz sosial şəbəkələrdə paylaşdığımız üçün gözü yormamaq prinsipini əsas gətirərək 10 illiklə bağlı “Yaxın keçmişə səyahət” rubrikasındakı mətnləri qısaltmaq məcburiyyətində qaldıq. Əgər tam mətnləri toplayıb ilk öncə yazdığım kimi versəydim sözün həqiqi mənasında kiçik bir kitab halına salmaq olardı.

- Hazırlamaq istədiyiniz, amma məlumat qıtlığında ərsəyə gəlməsi mümkün olmayan hansısa material olubmu?

- Yox, olmayıb. Çünki hər il üçün “Sumqayıt” FK olaraq, 2011/2012 mövsümündən bəri bütün məlumatlar arxivləşdirilib. Hətta sizə deyə bilərəm ki, bu 10 il müddətində klubun arxiv hissəsi tam ideal vəziyyətə gətirilib. Yəni, klubun məlumat bazasından tutmuş, foto və video görüntülər tam xırdalığına kimi toplanılıb mərkəzləşdirilib. Statistik məlumat bazasında oyunçuların oyun sayı, dəqiqə etibarı ilə meydanda olmaları, sarı, qırmızı vərəqələr, azarkeş sayından tutmuş xırda bir tədbirin video və foto görüntüləri tam şəkildə arxivləşdirilib. Hətta sizə bir məsələ haqqında da məlumat verim. Burada çalışdığım müddət ərzində həftəlik dərc olunan bütün idman qəzetlərinin toplusu da arxiv kimi saxlanılır. Yəni 2011-ci ildən bəri istənilən idman qəzetinin istənilən sayını “podşivka” kimi saxlamışam. Uzun sözün qısası, əlimdə topladığım arxivə əsasən heç bir məlumat qıtlığım olmayıb.

- Koronavirus pandemiyasına görə yaranan fasilə olmasaydı, "Sumqayıt"ın 10 illiyinə həsr olunmuş rubrika yenə olardımı?

- Sözsüz olacaqdı. Çünki biz bu layihəni yanvardan sonra işləməyə başlamışdıq. Mövsümün sonuna kimi hazırlayıb azarkeşlərə təqdim etməyi düşünürdük. Sadəcə karantin müddəti bu prosesi bir qədər də tezləşdirdi.

- "Sumqayıt" Premyer Liqada oyununa ən çox azarkeş gələn klublarımızdandır. Amma bu aktivlik sosial şəbəkələrdə hiss olunmur. Səbəblər nə ola bilər?

- Düz vurğuladız, Sumqayıtdakı oyunlar zamanı tribunalarımız tam dolur. Hətta bəzi oyunlarımız vaxtı azarkeşlər yer tapmadığı üçün əks tərəfdə olan setkanın arxasından matçları izləməli olur. Bununla əlaqədar da kiçik statistikanı da nəzərinizə çatdırım. Belə ki, cari mövsümdə 10 ev oyunu keçirmişik ki, bu qarşılaşmalarda 13 minə yaxın azarkeş oyunlarımızı tribunadan izləyib. Nəzərinizə çatdırım ki, ev oyunlarını keçirdiyimiz “Kapital Bank Arena”nın azarkeş tutumu 1326 nəfərlikdir. Sosial şəbəkədəki aktivliyin aşağı olması məsələsi ilə razı deyiləm. Facebookda 11 min, İnstagramda isə 13 minlik azarkeş kütləmiz var. Bu rəqəmlərin qarşılığındakı aktivlik mənə görə normaldır. Sözsüz, əgər izləyici sayımız “Qarabağ” və “Neftçi” kimi iki sosial şəbəkə daxil 200 mindən artıq olsaydı onda aktivlik daha açıq şəkildə özünə büruzə verərdi.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti