Premyer Liqada yaranmış iki həftəlik fasilə "Sumqayıt"da baş tutan gözlənilməz ayrılıq yadda qaldı.
Belə ki, yay fasiləsində komandaya böyük ümidlərlə cəlb edilən müdafiəçi Slavisa Radoviç komandanı tərk etdi.
Maraqlıdır, cəmi 2 ay əvvəl bəyənilərək komandaya götürülən serbiyalı legionerlə yolların ayrılması nə ilə bağlıdır?
Sumqayıt təmsilçisinin baş məşqçisi Samir Abasov müəmmalı ayrılıqla bağlı Sportinfo.az-a açıqlamasında bunları dedi:
"Klub olaraq özü ilə danışdıq. Çətinlik çəkdiyini gördüyümüzü bildirdik. O da bunu dilə gətirdi. Hər futbolçunun özünə uyğun çempionatı olur. Görünür, bizim çempionat da Radoviç üçün yaddır.
Düzdü, çox təcrübəlidir. Amma adaptasiyada böyük çətinlik yaşadı. Bizə isə həmin mövqedə yaxşı biri lazımdır. Futbolçu düşüncələrimizi düzgün anladı. Çox mədəni, gözəl insandır. Qarşılıqlı hörmətlə yolları ayırdıq"
30 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanmışdı.
O, Sumqayıt təmsilçisinin heyətində 2-si Konfrans Liqasında olmaqla 6 matç keçirib.
XANOĞLAN