
Yayda ölkəmizə gələn Kasimir Ninga üçün mövsümün qışdan sonra başladığını deyə bilərik.
Ona 2023-cü ildə bir dəfə olsun Premyer Liqada qol sevinci yaşamaq müəssər olmadı.
"Sumqayıt"da ilk qolunu 2024-cü ildə vuran forvardın məhz bundan sonra "ayağı açıldı".
Mövsümün ikinci yarısının ilk matçında onun penaltidən vurduğu qol "Qəbələ" ilə matçda komandasında 3 xal qazandırdı.
Çad millisinin üzvü sonrakı 15 matçda daha 6 dəfə rəqib qapılarının torunu silkələyib.
O, növbəti 6 qolunu 4 matça sığdırıb.
Və ən maraqlısı odur ki, 30 yaşlı legionerin fərqləndiyi görüşlərdə "Sumqayıt" birqayda olaraq 3 xal qazanıb.
Afrikalı futbolçu "Neftçi" və "Səbail" üzərində 2:1 hesablı qələbələrə dublla töhfə verib.
"Qəbələ", "Səbail" və "Araz Naxçıvan"la oyunlarda isə onun vurduğu yeganə qol 3 xal üçün yetərli olub.
Qısası, Ninga qol vurdusa, rəqiblər əlini üzsün.
Ki, belədə "Sumqayıt"ın uduzması müşkülə çevrilir.
XANOĞLAN / SPORTİNFO.AZ