Samir Abasovun «Sumqayıt»a ikinci qayıdışında ilk qələbəsi Gəncədə olmuşdu.
Vurğun Hüseynovun son dəqiqələrdə vurduğu qol uğursuzluq zolağından çıxışın zəngini çalmışdı.
Heyhat, davamı gəlmədi, «Kəpəz» ötən gün revanş götürdü. Oyunu izləyənlər mənimlə razılaşar, «Kəpəz» 90 dəqiqənin böyük hissəsini üstün keçirdi.
Ev sahibi idilər, elə bil. «Sumqayıt» yalnız son 6-7 dəqiqədə fərqinə vardı ki, oyun əldən gedir, onu xilas eləmək lazımdır. Bu vaxt isə artıq «gec olsun, güc olsun» söhbəti bağlanmışdı.
Abasov məğlubiyyəti yenə futbolçularının üstünə aidı. Xidmətində müntəzir dayananları mətbuat önündə o ki var tənqid elədi.
Meydanda can qoymamaqda, asan qollar yeməkdə suçladı. Aydın Bayramovu qınadı, onu-bunu «sapladı».
Olmayanda olmur? Əlbəttə ki, Samir Abasov birtərəfli danışmamalıdır, doğruları tam çılpaqlığıyla, olduğu kimi deməlidir. Aydın hər tur səhv edir, bir tədbir gör də.
Çək ehtiyata, başqasına şans ver. Ad çəkmək lazımdırsa, təkcə Aydınla kifayətlənməməlidir.
Elvin Bədəlovun niyə adını çəkmir? Rəhbərliyin sevimlisi olmasına görə?
Bəyəm, ikinci qolda səhv ötürmə verən, durduğu yerdə Junior Martinsə «al və at, ol qəhrəman» deyən Bədəlov yox, başqası idi?
Bayramov nə biləydi ki, Şah Abbası taxtda, Nikolayı qundaqda görmüş Elvin elə səhvə yol verəcək və braziliyalı hücumçu da az qala meydanın ortasından parşut vuruşla toru silkələyəcək?
Samir Abasov Kamran Əliyevin adını çəkmir. Nə üçün? Dünənədək demirdi ki, Kamran hələ hazırlıqsızdır?
Formada olmayan hücumçunun əsas heyətdə nə işi var? Vüsal İsgəndərli, Todor Todorovski və başqaları necə, onların da adlarını dilə gətirmək olmaz?
İcazəsini kimdən almaq lazımdırsa, eybt yox, bizə desin, biz gedib o icazəni alaq.
KAMİL

