Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatında qrup mərhələsinə necə inamlı başlamışdısa, çıxışını da eyni tempdə davam etdirir.
Qrupu lider kimi başa vuran yığmamız pley-off mərhələsində ilk sınağında əzəli rəqibi Qazaxıstan ilə üz-üzə gəldi.
Qazaxıstan bizim üçün heç də arzuolunan rəqib sayılmır. Son Avropa çempionatındakı qələbədən sonra bu komandaya qarşı uğur qazana bilməmişdik.
Lakin bu dəfə hər şey fərqli oldu. Revanş vaxtı çatmışdı və millimiz əzmkar oyun nümayiş etdirərək, rəqibini 3:2 hesabı ilə məğlub etdi.
1/4 final mərhələsində isə təmsilçimizi turnirin favoritlərindən və çempionluğa əsas namizədlərdən olan Çexiya gözləyirdi.
Hər kəs daha gərgin və çətin qarşılaşma gözləsə də, komandamız rəqib üçün xoşagəlməz sürprizlər hazırlamışdı.
Elşad Quliyevin çalışdırdığı kollektiv oyuna yüksək tempdə başladı, ardıcıl və təhlükəli hücumlarla rəqibi təzyiq altında saxladı.
Bunun nəticəsində ilk hissədə çexlərin qapısından 3 cavabsız top keçirildi. Qarşılaşmanın davamında daha 2 qol vuran yığmamız meydançadan möhtəşəm 5:2 hesablı qələbə ilə ayrıldı.
Beləliklə, Azərbaycan yarımfinala yüksəldi və çempionluğa daha bir addım yaxınlaşdı.
“Sportinfo TV” Slovakiyada keçirilən qitə birinciliyinin gedişini işıqlandırmağa davam edir.
Saytımızın “yutub” kanalı buradan növbəti reportajı hazırlayıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

