Azərbaycanın minifutbol millisi Avropa çempionatının qrup mərhələsini möhtəşəm qələbə ilə başa vurdu.
Qrup mərhələsinin son turunda Fransa ilə üz-üzə gələn yığmamız növbəti dəfə əzmkar və inamlı oyun nümayiş etdirərək, rəqibini məğlubiyyətə uğratmağı bacardı.
Beləliklə, “xoruzlar” qarşısında qazanılan qələbə ilə komandamız qrup mərhələsini maksimum nəticə ilə tamamladı.
Qarşılaşmanın gedişi göstərirdi ki, təmsilçimiz bir tərəfdən oyuna nəzarəti əlində saxlayır, digər yandan isə pley-off mərhələsini nəzərə alaraq qüvvəsinə qənaət etməyə çalışır.
Buna baxmayaraq, meydançada üstün tərəf olduq və rəqibə futbol baxımından ciddi çətinliklər yaşatdıq.
Cəfər Cəfərov, Ramiz Çovdarov və kapitan Elvin Əlizadənin vurduğu qollar sayəsində yığmamız 3:2 hesablı qələbə qazandı.
Bununla da, qrup mərhələsində keçirdiyimiz hər üç oyundan qalib ayrılaraq növbəti mərhələyə böyük motivasiya ilə yollandıq.
İndi isə bütün diqqətlər 1/8 final mərhələsinə yönəlib. Millimizi bu mərhələdə köhnə rəqiblərdən olan Qazaxıstan gözləyir.
Elşad Quliyevin çalışdırdığı kollektiv bu qarşılaşmadan da qalib ayrılaraq, çempionluq yolunda növbəti addımını atmağa çalışacaq.
“Sportinfo TV” Slovakiyada keçirilən qitə birinciliyinin gedişini işıqlandırmağa davam edir.
Saytımızın “yutub” kanalı buradan növbəti reportajı hazırlayıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

