Fəaliyyətini dayandıran “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimov sosial media hesabında komandanın hücumçusu olmuş Oktay Derelioğlu ilə şəklini paylaşıb.
Türkiyədə yaşayan iş adamı İstanbulda keçirdiyi görüş haqda paylaşımında aşağıdakıları yazıb:
“Bir zamanlar yalnız Azərbaycanın deyil, həm də Türkiyənin tanıdığı və böyük hörmət etdiyi əfsanəvi futbolçu, “Xəzər Lənkəran”ın önəmli oyunçularından biri olan Oktay Derelioğlu mənim qonağım oldu.
Söhbətimiz zamanı təkcə futbolun bugünkü vəziyyətindən deyil, həm də Azərbaycan futbolunun son illərdə qazandığı uğurlardan danışdıq. Bu anlar mənim üçün çox dəyərli idi.
İnşallah, bir gün yenidən “Xəzər Lənkəran” klubumuz bərpa olunar və biz Oktay Derelioğlu kimi dəyərli futbolçumuzu həm də baş məşqçi kimi komandamızın sükanı arxasında görərik”.
Oktay Derelioğlu da Mübariz Mənsimovla görüşündən danışıb.
O, bu barədə “yutub” kanalında canlı yayım zamanı açıqlama verib. Sabiq hücumçu Lənkəranda “Qarabağ”ın uğurunu təkrarlamaq istədiklərini bildirib:
“Qarabağ" müəyyən bir büdcə ilə möhtəşəm uğur qazanıb. Mübariz Mənsimovla görüş zamanı ona dedim ki, Lənkəranda niyə biz də “Qarabağ”ın uğurunu təkrarlamayaq?
O da cavab verdi ki, doğru deyirsən, edərik. Üstəlik, "Xəzər Lənkəran"ın azarkeşləri çox çılğındır”.
Hazırda 50 yaşı olan Türkiyə yığmasının sabiq forvardı 2004/05 mövsümündə “Xəzər”in formasını geyinib. Burada meydana çıxdığı 21 matçda 17 qolla yadda qalıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

