“Neyləmək olar, mən də öz vaxtımı gözləyirəm, vuruşmaq borcumdur”

13 İyun 2022 10:40 Sizdən Bizə 1 803
“Neyləmək olar, mən də öz vaxtımı gözləyirəm, vuruşmaq borcumdur”

“Burada ümumiyyət o qədər də yaxşı deyil, amma mən qətiyyən ruhdan düşməmişəm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Ukraynanın yunan-Roma güləş millisinin aparıcı üzvü Pərviz Nəsibov deyib.

Tokio Olimpiadasının gümüş medalçısı olan həmyerlimiz ailə üzvlərini Azərbaycana göndərib. Onun valideynləri, qardaşı və bacısı hazırda dogma vətəndədir, özü isə Kiyevdə qalıb:

“Ukraynada müharibə yeni başlayanda, orduya könüllü yazılmışdım. Döyüşlərdə iştirak etmək istəyirdim.

O vaxt Səfərbərlik Xidmətindən bildirmişdilər ki, gözlə. Mən hələ də çağırış gözləyirəm.

Bununla belə, əlimdən gələn qədər orduya kömək oluram. Əsasən də humanitar məsələlərdə.

Eyni zamanda, məşqlərə ara verməməyə çalışıram. Kiyevdə bizim üçün şərait yaradılıb, gedib hazırlıq keçirik. Burada qalmaq yaxınlarım üçün təhlükəli idi.

Təqribən dörd ay əvvəl Nikolayev şəhərindən Kiyevə köçmüşdük. Paytaxtda yeni həyata başlamışdıq ki, müharibə başladı və bütün planlarımız pozuldu. Ailəmiz indi Qazaxda yerləşib.

Müharibə bitənə, təhlükə sovuşana kimi orada qalacaqlar. Mən isə sonadək Ukraynada qalacam.

Ukrayna Ordusunun zabitiyəm, hərbi xidmət mükəlləfiyyətim var. Kiyevdə tez-tez həyacan siqnalı eşidilir. Hər günümüz sstres altında keçir.

Ancaq neyləmək olar, mən də öz vaxtımı gözləyirəm. Ukrayna vətəndaşıyam və ölkəm üçün vuruşmaq borcumdur”.

Digər Xəbərlər
Xəbər Lenti