"Şamaxı"nın yeni baş məşqçisi rəsmi olaraq açıqlandı.
Qarşıdakı 3 ildə bölgə klubunu Azər Bağırov çalışdıracaq.
Anlaşma bu qədər müddəti əhatə edir.
Növbəti mövsümlər barədə danışmaq tezdir.
Bəlkə də kənardan görünə bilər ki, yeni baş məşqçi üçün hazır komanda qalıb.
Amma əsla elə deyil. Qarşıdakı mövsümün Bağırov üçün asan olmayacağını indidən demək olar.
Xüsusilə heyətin formalaşması baxımından.
Ayxan Abbasov liqanın ən aşağı büdcəsinə sahib kollektivlə ardıcıl iki mövsüm bərk komanda qura bildi.
Liqada qalmaq missiyası artıq qışa qədər həll olunurdu.
Həm yerlilərin, həm də əcnəbilərin əksəriyyəti karyerasının zirvəsinə burada çıxdı.
Belədə təbii ki, hər kəsin tək arzusu maaşların artırılmasıdır.
Əks halda, yolların ayrılması qaçılmaz olacaq.
Artıq müqaviləsi bitənlər ikinci variantı seçir.
Kapitan Arsen Ağcabəyov başda olmaqla. Gedənlərin yerinə yeni transferlər olunmalıdır. Boşluqları doldurmaq asan olmayacaq.
Dərd bununla bitmir.
Müqaviləsi olanların da gözləntisi çoxdur.
Yaxşı təklifləri qapıdadır.
İstəyənləri nə qədər desən.
Klub maaş artıman gedə bilmir, kimisə bir qəpiksiz də buraxmaq istəmir.
Təklif göndərən klublar da əlavə xərcə düşməkdə maraqlı deyil.
Belədə yük düşür yenə Bağırova.
Könlü başqa yerdə olan, məcburiyyətdən burada qalanlarla işləməyin çətinliyi Bağırovu qayğılandırmaya bilməz.
XANOĞLAN / SPORTİNFO.AZ

