“Şamaxı”nın rəsmi səhifələrində Ayxan Abbasovla bağlı iki paylaşım edilib.
Azərbaycan millisinə rəhbərlik edən çalışdırıcının klubdan ayrılması ilə bağlı bir video, bir də poster paylaşımı hazırlanıb.
Video həqiqətən də təsirlidir. Ayxan bəyin cari mövsümdə “Şamaxı”dakı ilk və sonuncu oyundan sonra paltardəyişmə otağında futbolçularla danışığının görüntüləri təqdim olunub.
Şamaxlı azarkeşlərin bir qismi Abbasovun klubdan ayrılmasına təəssüfləndiyini gizlətməyib. Digər qisim isə ona milli komandada uğurlar arzulayaraq şəninə təriflər yağdırıb.
Ayxan bəy 2 il çalışdırdığı komandada sözün yaxşı mənasında iz qoyub getdi. I Liqadan Premyer Liqaya yüksələn, əlavə sponsoru olmayan, dövlət tərəfindən ayrılan maliyyə dəstəyi ilə yaşayan komandaya “bərk qoz” statusunu qazandırdı.
“Qarabağ”, “Neftçi”, “Zirə”, “Sabah” kimi iddialılara baş ağrısı yaratdı, xüsusən doğma meydanda keçilməz təsiri bağışladı, özünəməxsus oyunu ilə futbolsevərlərin alqışını haqq etdi.
Sanki ona boş torpaq verib, “məharətini göstər, görək, necə bir ev tikə bilərsən” deyilmişdi. Abbasov sahibkarı xərcə salmadı. Ucuz materiallarla bünövrəsi 8-9 ballıq zəlzələyə dözən villa tikib içinə müasir standartlara uyğun təmir etdi.
Əlindəki vəsait evin daxilini və xaricini təmir etməyə hesablanmışdı. Ancaq o, bununla kifayətlənmədi. Həyət-bacanı da səliqəyə salmağa çalışdı ki, gələn qonaqlar mənzərədən feyziyab olsun. Yay mətbəxi tikdi, manqalxana quraşdırdı, daşma hovuz inşa etdi, palma ağacları əkdi, hasarlara dekorativ işıqlar yerləşdirdi.
Əlindəki 1 milyon manatla elə bir villa qurub-qoşdu ki, görənlərin gözləri kəlləsinə çıxdı. Biri 2 milyon qiymət qoydu, o biri 3 milyon.
Və günlərin birində min bir zöhmət bahasına ərsəyə gətirdiyi imarəti klub rəhbərliyinə təhvil verib getdi. Bu gün həmin villanın təkcə binasını satsan, xərclənən vəsaitin pulu çıxar.
Ayxan Abbasov “Şamaxı”ya “Turan Tovuz”da gördüyü işlərin qarşılığı olaraq alqışlarla gəlmişdi. Alqışlarla da getdi. Qaməti düz, başı uca, gözləri gözlərin içinə dik baxa biləcək dərəcədə rahat.
Belə getmək hər məşqçiyə nəsib olmur.
Ümid edək ki, “Zirə”, “Sumqayıt”, “Turan Tovuz” və “Şamaxı”da yoxdan var etdiyi kimi, Azərbaycan yığmasında da uğurlu olmağı bacaracaq.
Yolun açıq olsun, hoca!
HƏBİB / SPORTİNFO.AZ

