Büdcəsinə görə Premyer Liqanın ən zəifi olan “Şamaxı” rəqiblərinə meydan oxuyur.
Elitada qalmaq vəzifəsinin öhdəsindən böyük ölçüdə gələn bölgə təmsilçisi iddialılardan xal qoparması ilə fərqlənir.
26-cı turda “Zirə”ylə səfər qarşılaşmasında bərabərə qalan (1:1) “şirlər” bu dəfə “Qarabağ”ı büdrətdi – 0:0.
Bu nəticələrdən sonra adamlarda suallar yaranıb.
“Şamaxı” hədəfinə çatıbsa, bu cür canşəfanlığın səbəbi nədir? Komanda üzvlərini iddialılardan xal qoparmağa hansı amil motivasiya edir?
Mövsümün sonuna yaxın meydanda can qoyan futbolçular nə əcəb özlərini zədədən qorumur?
Şamaxılıların rumıniyalı “10 nömrə”si Andrey Tırkoveanu Sportinfo.az-ın suallarını cavablandırıb:
“Rəqiblərin turnir cədvəlindəki mövqeyi, yaxud hədəfi bizi maraqlandırmır. Biz özümüz üçün oynayırıq.
Klubun adı, öz imicimiz, baş məşqçimiz, azarkeşlərimiz - bunların hər biri dəyərdir.
Sonuncu pillədən uzaqlaşmağımız mübarizə əzmini aşağı sala bilməz. Çünki məqsədimiz çempionatı mümkün qədər yuxarı pillələrin birində başa vurmaqdır.
Digər tərəfdən hər bir futbolçu özünü yaxşı tərəfdən göstərmək istəyir. Belə olanda başqa klubların diqqətini çəkirsən.
Turnir cədvəlində ən yaxın izləyicimiz “Sumqayıt”ı geridə qoymaq xoş olar. Son tura qədər peşəkarlığımızı qoruyub hər oyuna ən yüksək motivasiya ilə çıxacağıq.
Yenə deyirəm, rəqiblərin adının önəmi yoxdur. Öz adımız üçün mübarizə aparırıq”.
27 turdan sonra aktivində 32 xal olan “Şamaxı” eyni xala sahib “Sumqayıt”la 7-8-ci pillələri bölüşür.
HƏBİB

