Ayxan Abbasov milli toplanışdan qayıdandan sonra "Şamaxı" məğlub olanda (bir dəfə bu hal yaşanıb) iki yerdə işləməyin fəsadları barədə qalaq-qalaq yazılar, şərhlər görürdük.
Ki, çalışdırıcı çətinlik çəkir.
İki yerdə fəaliyyət göstərmək mümkün deyil.
"Şamaxı" kölgədə qalır, klubda işlər yolunda getmir və.s.
Görəsən, həmin şəxslər indi hardadır?
Millinin son toplanışından sonrakı "Şamaxı"dan xəbərləri varmı?
İzləmirlərsə...
Buyurun, bu da millidən qayıdan Abbasovun klubdakı yeni tablosu - İki oyun, iki bərabərlik.
"Şamaxı" ardıcıl ikinci oyunda qələbə dəyərində bərabərliklə yadda qaldı.
Ötən tur "Zirə" səfərində 1 xal qazanmaq mümkün olmuşdu.
Özü də 40 dəqiqə meydanda azlıqda qalmaqla.
Bu dəfə son çempion "Qarabağ" bölgə klubu ilə bacarmadı.
Kərim Rossi, Dioqo Balau kimi əsas fiqurlarının xidmətindən məhrum olan "Şamaxı" meydanda 5 yerli oyunçu ilə çıxmışdı.
90 dəqiqə əzmkar mübarizə aparan meydan sahibləri layiq olduqları bir xalı qopara bildilər.
Sonuncu dördlükdən bir xeyli uzaqlaşan "şirlər" 7-ci sıradakı "Sumqayıt"la xallarını eyniləşdirdi.
Hətta ilk "altılıq" üçün də cəhdlər edə bilər.
XANOĞLAN / SPORTİNFO.AZ

