Ayxan Abbasovun iyunda «Şamaxı»dan ayrılacağı dəqiqdir.
Son iki mövsümdə «şirlər»i çalışdırmış mütəxəssis indən belə bütün diqqətini milliyə verəcək.
O, minimum 2026-cı ilin dekabrınadək yığmada işləyəcək.
Əyalət təmsilçisi post-Abbasov dönəminə indidən hazırlıq görür. Yerinə bir neçə namizədi nəzərdən keçirirlər.
Dünənə kimi bu siyahıya yalnız əcnəbilər daxil idisə, artıq bir yerli də gündəmə daxil olub. Həmin məşqçi Azər Bağırovdur.
Aldığımız məlumata görə, «Şamaxı» rəsmiləri artıq «Kəpəz»in sükançısı ilə görüşüb.
Ötən ilin oktyabrından bəri Gəncə klubunda işləyən Bağırovla aparılan danışıqların ilkin mərhələsi uğurla yekunlaşıb. O, növbəti mövsümdən etibarən «şirlər»in başına keçməyə hazır olduğunu bildirib.
Azər Bağırovu Nizami yurdunda narahat edən məsələlər var. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, o, gələn mövsümü də Nizami yurdunda keçirə bilər.
Bunun üçün «Kəpəz»i elitada saxlaması şərtdir. «Sarı-göylər» 26 tura topladığı 21 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb və qarşısına qoyulan məqsədi yerinə yetirməyə yaxındır.
Kontraktın gələn sezona aid hissəsinin qüvvəyə minməsi üçün bəzi şərtlərin həyata keçirilməsi mütləqdir.
Bağırov həm özünün, həm də köməkçilərinin maaşlarının artırılmasını istəyir. Habelə transfer büdcəsinə yenidən baxılması tələbini irəli sürüb.
Gedəcək və gələcək futbolçuların seçiminin yalnız öz tərəfindən aparılması - bu da onun növbəti arzusudur.
SPORTİNFO.AZ

