“Sabah” Azərbaycan Premyer Liqasının son 8 turu çərçivəsində tarix yazmaq üzrədir.
Turnir cədvəlində “Qarabağ”dan 10 xal fərqlə liderliyi ələ keçirən “bayquşlar” “köhlən atlar”ın uzun illər davam edən hegemonluğunu sona çatdırmağa yaxın görünür.
Qarşıda hələ bir neçə tur qalsa da, nümayiş etdirdikləri oyun onları mövsümün favoriti kimi göstərir.
“Sabah”dan icarə əsasında “Şamaxı”da çıxış edən Abdulla Rzayev komandanın çempionluq şanslarını dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, o, komanda.az-a açıqlamasında “Sabah”ın adına çox sevindiyini bildirib:
“Sabah” adına çox sevinirəm. Komanda yaxşı təsir bağışlayır. Uzun müddət orada olmuşam. Mənə xoş münasibət göstəriblər, mən də onlara eyni hörməti saxlayıram.
Oynasam da, oynamasam da komandaya böyük hörmətim var, başda prezident Maqsud Adıgözəlov olmaqla hər kəsə.
Çox sevinirəm və istəyirəm ki, “Sabah” çempion olsun. Çünki bu, mənim komandamdır. Onlar nə qədər uğur qazansa, mənim üçün də bir o qədər xoşdur”.
Rzayev, “Sabah”ın “Qarabağ”ın uzun illər davam edən hegemonluğunu dayandıra biləcəyi barədə də nikbindir:
“Görünən odur ki, “Qarabağ” üçün bu mövsüm çətin olacaq. Onlar yaxşı komandadır, amma hazırda “Sabah” fantastik vəziyyətdədir.
“İmişli” səfərinin çətin olacağını deyirdilər, 5-ni vurdular (5:0), “Qəbələ”ni deyirdilər 7-sini vurdular (7:1). Bütün bunlar hamısı komandanın hazırkı forması haqqında danışır”.
24 yaşlı müdafiəçi özünün avrokuboklarda çıxış perspektivinə də toxunaraq bildirib ki, bu, artıq klub rəhbərliyinin qərarına bağlı olacaq:
“Bu, atrıq rəhbərliyin qərarı olacaq: qayıdacam, ya başqa komandaya göndəriləcəm. İnanıram ki, onlar da mənim üçün ən yaxşı variantı seçəcək”.

