Premyer Liqanın kasıbı kefə baxır indi, qara günləri qabaqdadır

11:05 Şamaxı 205
Premyer Liqanın kasıbı kefə baxır indi, qara günləri qabaqdadır

«Şamaxı» beş oyunluq məğlubiyyətsiz oyunlar seriyasına Şamaxıda son verməli oldu.

«Araz-Naxçıvan»la matçın yekun nöqtəsini Vladislav Veremeyevin avtoqolu qoydu.

«Şamaxı» həmin epizodadək və ondan sonra daha yaxşı təsir bağışlayan tərəf idi. İştah diş altındadır: «Sumqayıt»ın ardınca «Araz»ı da məğlub etsəydilər, turnir cədvəlində avro-zonaya «əlcək» atacaqdılar.

Olmadı, amma eybi yox.

Onsuz da, bunu «Şamaxı»dan nə gözləyən var, nə istəyən, nə də tələb edən.

Bu komanda büdcəsinə və heyətinə görə çempionatın ən kasıbıdır. «Şamaxı»nı «Şamaxı» edən, lap aşağı sıralardan uzaq tutan Ayxan Abbasovdur, onun məşqçi bacarığıdır.

«Şamaxı» şar deyil ki, Abbasov bir-iki üfürmə ilə onu şişirtsin. «Şamaxı» elə «Şamaxı»dır, qol yollarında yalnız Kərim Rossinin ümidinə qalan.

Premyer Liqanın ötən turlarında üst-üstə 9 qol vurmuş isveçrəli hücumçu hər oyunda fərqlənə bilsəydi, burada nə işi vardı, gedib iddialı klubda forma geyinərdi də.

Yeddinci-səkkizinci yer «Şamaxı» üçün çempionluq sayılmalıdır, gerçəyə qalsa. Bu günü yadda saxlasınlar, şükür etsinlər.

Abbasov gedəndən sonra bu da olmayacaq, «zirzəmi»də mürgü vuracaqlar.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti