Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Şamaxı" səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
"Maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Sərt bir qarşılaşma idi. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu atmosferdə oynamaq çempionatımıza rəng qatır. Futbolçularımdan razıyam. Həm gənc futbolçularımızın, həm də legionerlərin komandaya belə xeyir verməyi məni sevindirir. Milli fasiləsinə qədər 1 oyunumuz qaldı. Yorulmuşuq. Amma istəməzdim fasilə olsun.
- Mövsümün sonunda komandada qalmağınız üçün yeganə yol büdcənin artırılmasıdır demək olarmı? Bu barədə rəhbərliklə hər hansı söhbətiniz olacaqmı?
- Bir klubun inkişafı pillə pillə artmalıdır. Ötən mövsüm əsas oyunçularımızın çoxusunu itirdik. Yeni futbolçular gəldi. Onları da komandada saxlamaq çətin olacaq. Bu gün 90 faiz klub rəhbərləri yerli məşqçinin arxasında dayanmır. Biz nə vaxta kimi özümüzə qiymət verməyəcəyik, gördüyümüz işlər də nəticəsiz qalacaq. Təbii ki, xarici məşqçilər də lazımdır. Ümumiyyətlə, bir çox klub rəhbərləri komandadan getməlidir. Məşqçilərin tez-tez dəyişməyi çarə deyil. Bu gün yerli məşqçilər bir-birinə dəstək verməlidir.
- Oyunun sonunda Saşa İliç sizi təbrik etdi?
- Daha əvvəl yaşadığmız hadisə unudulub. Oyundan sonra məni təbrik etdi. Aramızda bir problem yoxdur.

