«Şamaxı» Ayxan Abbasovla vidalaşmaq niyyətində deyil.
«Şirlər» bu məqsədlə AFFA-nın qapısını döymək niyyətindədir.
Əyalət təmsilçisi federasiya ilə danışıqlar aparmaqla, güzəşt əldə etməyə ümid bəsləyir.
Onların fikrincə, qurum klubun ümumi durumunu nəzərə alaraq, Abbasovun eyni vaxtda iki yerdə işləməsinə icazə verəcək.
O, ikinci mövsümdür ki, «Şamaxı»dadır. Buradakı fəaliyyəti rəhbərlik tərəfindən tam dəstəklənir. Hər halda gənc mütəxəssis komandanı ötən sezonda olduğu kimi, yenə Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən gəlməkdədir.
Üstəlik, ölkə kubokunda işəlri yaxşı gedir. ¼ final mərhələsinin ilk oyununda «Qarabağ»a 2:1 hesabıyla qalib gəliblər.
«Şirlər»in yönətimi narahatdır ki, Abbasov getsə, bu «piramida» dağılacaq və hər şeyə sıfırdan başlamaq lazım olacaq. Əlbəttə, buna görə narahatlıq keçirməyə dəyər.
Abbasovdan sonra gələcək baş məşqçinin uğur əldə etməsi şübhə altındadır.
İdarəçilər anlayır ki, əldəki məhdud imkanlarla belə seleksiya işi aparmaq, bərk qoz kimi komanda formalaşdırmaq və elitada qalmaq tapşırığının öhdəsindən gəlmək çox çətindir.
AFFA nə cavab verəcək? Federasiya, çətin ki, Abbasovun həm millidə, həm də «Şamaxı»da çalışmasına razılaşsın.
Hər halda şərti şumda kəsiblər: bəribaşdan Abbasovun diqqətinə çatdırıblar ki, iyundan etibarən yalnız yığmadakı işinə konsentrasiya olmalıdır.
Ona icazə versələr, gərək digər yaş qrupları üzrə yığmaların da məşqçilərinə güzəştə getsinlər.
SPORTİNFO.AZ

