22-ci turun maraqlı oyunlarından biri Şamaxıda baş tutacaq.
Ayxan Abbasovun çalışdırdığı kollektiv avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Neftçi”ni qəbul edəcək.
Matça rəng qatan məqamlardan biri “ağ-qaralar”ın son 6 oyunda məğlub olmaması, ardıcıl son 3 qarşılaşmanı qələbə ilə başa vurmasıdır.
“Şamaxı”nın doğma meydanda oynaması, son 2 görüşdə qapısından top buraxmadan heç-heçəyə razılaşması bölgə təmsilçisi üçün böyük üstünlükdür.
Məlum dueldən əvvəl Sportinfo.az-a açıqlama verən “şirlər”in kapitanı Arsen Agcabəyov şansları dəyərləndirib:
“Neftçi” özünə gəlib. Son qarşılaşmalarda qazandıqları nəticələri görürük. Üstəlik, ötən həftə oyunları təxirə salınıb, hazırlaşmaq imkanı qazanıblar.
Hər iki komanda üçün çətin olacaq. Xüsusən müdafiə planında diqqətli olmalıyıq. Məqsədimiz hər zaman olduğu kimi qələbə qazanmaqdır. Bu, baş verməsə belə, 1 xal bizim üçün qazanc sayılacaq.
Azarkeşlər üçün maraqlı oyun olacağını düşünürəm”.
Fevralın 28-də Şamaxı şəhər stadionunda baş tutacaq oyun saat 14:30-da start götürəcək.
HƏBİB

