Ehtiram Quliyev nə boyda səhvə yol verdiyini başa düşüb(mu)?

11:40 Şamaxı 151
Ehtiram Quliyev nə boyda səhvə yol verdiyini başa düşüb(mu)?

Ehtiram Quliyev 2023-cü ilin martından futbol ailəsində görünməyə başlayıb.

Hələ neçə il buralarda dolaşacaq, proqnozlaşdırmaq çətindir.

Yəqin ki, adını çəkdiyimiz iş adamı bu sektora özbaşına gəlməyib, o üzdən, özbaşına da çıxıb getməyəcək.

Bilmirəm hörmətli tikintişünas «Turan Tovuz»u çempion, avrokubokların iştirakçısı kimi görmək arzusuna çatacaq, ya yox. Bu axarla çətin…

Ayxan Abbasovun Tovuzdan getməsinin mayda 2 ili tamam olacaq. O, həmin müddətdən bəri «Şamaxı»dadır və bununla da kifayətlənməyərək, milliyə qədər yüksəlib.

Quliyevin onda görmədiyi keyfiyyəti, bacarığı AFFA rəhbərliyi görüb, odur ki, ölkənin əsas yığmasının sükanını Abbasova tapşırıblar.

Ehtiram Quliyev iki ildir «Turan»a milyonlarla vəsait xərcləyir. Kurban Berdiyevə yüzminlərlə dollar verdirərək, Azərbaycana gətirib.

Ancaq nə olsun, komanda çox bərbad və kortəbii futbol sərgiləyir, tovuzlu azarkeşlərin narazılığı ilə qarşılanır.

«Turan»ın bir legionerinin aylıq maaşı «Şamaxı»nın 20-22 yerli-əcnəbi futbolçuya ödədiyi büdcəyə bərabərdir. Bu məntiqlə «Turan» harada qarışısna çıxacaqsa, «Şamaxı»nı meydanda «silib-süpürməlidir».

Şamaxıdakı son oyunu izləyənlər arasında Ehtiram Quliyev də var idi. Komandasının necə aciz göründüyünü tək biz müşahidə etmədik.

O da çarəsiz şəkildə VİP-lojada əyləşmişdi. Davit Santosun uzaq məsafədən endirdiyi zərbə qapı dirəyinə tuş gəlməyib topu silkələsəydi, mövsümün ən gözəl qolu qeydə alınacaqdı.

Braziliyalı müdafiəçinin bu epizoda göstərdiyi ani reaksiya əlləri ilə üzünü tutması oldu.

Acıdım ona. Halına yandım. Gör, seçimində etdiyi bir ciddi səhv Ehtiram Quliyevi hansı duruma saldı.

Ayxan Abbasov 3000-5000 dollar maaş alan legionerlərlə, 1000-2000 manatlıq yerlilərlə «Şamaxı»nı «Şamaxı» eləyib, çempionatın ortabab iştirakçına çevirib, Tovuzda saxlansaydı, «Turan» artıq avrokuboklara abunə idi.

Adamın hikkəsi, iştahası imkan vermədi ki, Ayxan Abbasov «Turan»dakı missiyasını davam etdirsin, onu yüksək səviyyəyə çatdırsın.

Berdiyevi gətirməyə, bununla reklam olunmağa tələsdi Quliyev. Acılar içindədir. Ola bilər ki, yol verdiyi xətanın böyüklüyünü artıq anlayıb, sadəcə, dilinə gətirmir, özünü o yerə qoymur.

Deyib, sezon başa çatana qədər heç bir mətbu orqana müsahibə verməyəcək. Son vaxtlar mediadan yan gəzməsini də bu acizliyin əlaməti kimi başa düşürük.

Ötən mövsümü boş keçirən Berdiyevin cari «futbol ili»ni uğurla tamamlayacağına əminliyi olsaydı, yəqin ki, dağlara çəkilməzdi.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti