"Şamaxı"nın isveçrəli hücumçusu Kərim Rossi Sportinfo.az-a müsahibə verib.
- Premyer Liqanın 19-cu turunda "Qarabağ"a 1:2 hesabıyla məğlub olduz. Belə şərtlər altında oynamaq düzgün qərar idi?
- Meydanın qarlı vəziyyətinə görə hər iki komanda üçün ağır və çətin oyun oldu. Futbol oynamaq çətin idi. Amma qaydalara hörmət etməliyik. Heç bir bəhanə yoxdur.
- Ən azı 1 xala layiq olduğunuz halda niyə məğlub oldunuz?
- Düşünürəm ki, güclü oyun göstərdik və ən azı 1 xala layiq idik. Son 5 dəqiqədə eyni diqqəti saxlaya bilmədik və “Qarabağ”a qarşı bunun cəzasını dərhal çəkirsən. Bəhlul ikinci sarı vərəqəni almalı və oyundan kənarlaşdırılmalı idi. Bu, bizə qarşı verilən səhv qərarların ilk halı deyil.
- Bu mövsüm artıq neçənci oyundu "Şamaxı" son dəqiqələrdə buraxılan qolla məğlub olur. Problem nədir?
- Bəli, eyni şəkildə ən azı 7-9 xal itirmişik. Ola bilsin ki, bu, təcrübə, diqqət və oyunun son anlarını idarə etməklə bağlıdır. Bunu analiz edib inkişaf etdirəcəyik.
- "Qarabağ"la həm də kubokda cavab görüşü var. Son iki oyunda göstərdiyiniz oyun kubokda uğurlu olmağınıza inamı artırıb?
- Yaxşı komandamız və yaxşı məşqçimiz var. Kubok oyunu üçün ən yaxşı şəkildə hazırlaşacağıq. İnanıram ki, istənilən komandaya qarşı yaxşı oyun göstərə bilərik. Futbolda hər şey mümkündür.
- 7 qolla bombardirlər cədvəlində yer alırsan. Ən məhsuldar oyunçu olmaq şanslarını necə görürsən?
- O siyahıda çox güclü oyunçular var, buna görə də yaxşı rəqabətdir. Ümid edirəm ki, bu formanı davam etdirəcəyəm. Bu tip komandada oynayanda bombardir olmaq asan deyil. Mümkün qədər çox qol vurmaq üçün əlimdən gələni edəcəyəm, inşallah.
XANOĞLAN İMANOV

