“Şamaxı” cari mövsümdə ikinci dəfə qarşılaşdığı “Qarabağ”a uduzmadı.
Premyer Liqanın ilk dövrəsində komandalar arasında Bakıda baş tutan qarşılaşma qolsuz bərabərliklə yekunlaşmışdısa, Azərbaycan kubokunda “Şamaxı” son çempionu məğlub etdi – 2:1.
Sportinfo.az-a müsahibə verən bölgə təmsilçisinin braziliyalı müdafiəçisi David Santos sualları cavablandırıb.
- “Qarabağ”ı məğlub etməyin sevinci başqadır yəqin.
- Təbii ki, nəticəyə görə xoşbəxtik. Bu cür güclü rəqibi udmaq hər birimizə motivasiya verir. Lakin kubok mübarizəsi elədir ki, bir qalibiyyət heç nə vermir. Qarşıda bizi çətin cavab qarşılaşması gözləyir.
- Nəyin sayəsində bunu bacardınız?
- Məşqçilər heyəti “Qarabağ”ı çox yaxşı təhlil etmişdi. Və bunun nəticəsi olaraq bizə lazımi tapşırıqlar verilmişdi. Çalışırdıq ki, deyilən şəkildə oynayaq. Açıq oyunla heç nə edə bilməzdik. Əsas üstünlüyümüz əks-hücumlarda təhlükə yaratmaq idi. Buna nail olmağı bacardıq, 2 vacib qol vurduq. Və təbii ki, müdafiə xəttində intizamlı və sıx oyunu qeyd etməliyəm. “Qarabağ” sürətli futbolçulardan qurulub. Arxa xətdə onlara boşluq versən, mütləq yararlanacaqlar.
- “Şamaxı”nın final yüksəlib, kubok qazandığını təsəvvür edə bilirsən?
- O barədə düşünməmişəm. Çünki ilk növbədə “Qarabağ”la cavab görüşünə hazırlaşmalıylq. Dayandığım yerdən çox uzağa boylanmağı sevmirəm. Harasa gedirsənsə, addım-addım irəliləməlisən. Ona görə də indidən heç nəyi təsəvvür etmirəm.
- İndiyə qədər belə hava şəraitində oynamışdın?
- 5 il Portuqaliyada oynamışam. Bəzən orada da soyuq, duman, külək olurdu. Ancaq ilk dəfə belə halla qarşılaşırdım. İndiyə qədər bu dərəcədə dumanda oynamamışdım, açığı. Yaxşı təcrübə oldu.
HƏBİB

