«Şamaxı» Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gəlmək üzrədir.
Xal ehtiyatını Yevlaxda 23-ə çatdırdılar.
Çox yox, bundan sonra daha 2 xal bəs edər ki, I Liqaya yuvarlanmaq təhlükəsindən tamamilə uzaqlaşsınlar.
Ayxan Abbasovun burada son aylarını keçirir. İki ildir çalışdığı klubdan iyunda ayrılacaq, bütün vaxtını milliyə sərf edəcək.
Odur ki, «Şamaxı» rəhbərliyi çalışıb bu heyəti qorumalıdır. Müəyyən bir tərzi və potensialı var komandanın.
Yevlax səfəri bir daha təsdiqlədi ki, «Şamaxı» normal komplektləşib.
İki-üç nisbətən səviyyəli legionerləri olsaydı, Abbasov çempionatı bir-birinə vurub, avrokubok zonasına yüksəldərdi «Şamaxı»nı. O imkan olmadığı müddətdə bu komandadan sabitlik gözləməyə dəyməz.
Ayxan Abbasov «Kəpəz»dən ilk dövrədəki 1:4 hesablı məğlubiyyətin revanşını sevimli sisteminə dönməklə aldı. «Beşli müdafiə», elə bil, «Şamaxı»nın «boyuna biçilib».
Bu taktika ilə oynayanda özlərini suda balıq kimi hiss edirlər.
Hələ ilk hissənin əvvəlində bəlli oldu ki, Abasov «Qəbələ» ilə qarşılaşmadan sonra futbolçularını sözlə necə lazımdır «kötəkləyib» və «bizləyib». Hərdən bu da lazımdır.
KAMİL

