“Şamaxı”nın futbolçusu Sezar Enrike Sportinfo.az-a müsahibə verib.
26 yaşlı braziliyalı mərkəz müdafiəçisi komandasının Yevlax şəhər stadionunda “Kəpəz” üzərində 2:0 hesabı ilə qalib gəldiyi matçdan sonra sualları cavablandırıb.
"Sambaçı" tək bu oyunla bağlı yox, digər mövzularla bağlı suallara aydınlıq gətirib.
- “Qəbələ”yə 0:4 hesablı məğlubiyyətdən sonra psixoloji gərginlikdən qurtulmaq üçün nə etmişdiniz?
- Həqiqətən bizim üçün çətin həftə oldu. Dediyiniz psixoloji yüklənməni üzərimizdən atmalı, səhvlərimizdən nəticə çıxarmalı və “Kəpəz” üzərində mümkün qələbəyə inam yaratmalıydıq. Çox şey etmədik, sadəcə buraxılan səhvlərin üzərində işlədik və onları təkrar etməməyə çalışdıq. Aqressivliyi və mübarizliyi üst səviyyədə saxlamaqla istəyimizə nail olduq.
- Qapıçınız Rikardo Fernandesin ikinci hissədə “Şamaxı”nı bir neçə real qoldan xilas etdiyini nəzərə alsaq, qələbəni layiqli hesab edə bilərik?
- Qələbə sözünün mənası üstünlük yaratmaq, hesabda önə çıxmaqdır. Bu gün 2 qol vurduqsa, deməli, qələbə haqqımızdır.
- Sonuncu pillədəki “Karvan-Yevlax”la xal fərqinin 17-yə yüksəldiyini nəzərə alsaq, “Şamaxı”nın Premyer Liqadakı yerini böyük ölçüdə qoruduğunu deyə bilərik?
- Çempionat gərgin keçir və sürpriz nəticələr qeydə alınır. Gördüyünüz kimi, ötən həftə öz meydanımızda 0:4 uduzduq, bu dəfə səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub etdik. Sabah nə olacağını indidən bilmək olmur. Bir də gördünüz “Karvan-Yevlax” qələbələri sıralamağı başladı, digər komandalarda eniş yaşandı. Bəli, yerimizi qorumaq üçün böyük şans əldə etmişik. Lakin bu, bizi arxayınlaşdıra bilməz. Sona qədər mübarizə aparmalıyıq.
- 6 gün ərzində iki dəfə qarşılaşacağınız “Qarabağ” barədə nə deyə bilərsən?
- Bu gün “Qarabağ”ın səviyyəsi çox-çox yüksəkdədir. Keyfiyyətli futbolçuları və özünəməxsus oyun üslubu var. Qarşıda bir neçə gün vaxtımız var. Rəqibi təhlil edəndən sonra meydanda bizə verilən tapşırıqları yerinə yetirəcəyik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- İlk dövrədə “Qarabağ”la səfərdə qolsuz bərabərə qalmışdınız. Bu, həyatda bir dəfə baş verə bilər, yoxsa təkrarlamaq mümkündür?
- (gülür) Futbol düz xətt kimi deyil. Eniş, yoxuş, sürpriz – burada hər şey mümkündür. “Qarabağ”la heç-heçə oynamışıqsa, deməli, eyni nəticəni təkrarlaya bilərik. Bunun üçün az səhv buraxmağımız mütləqdir. “Qəbələ”ylə ilk matçımız yadınızdadır? Səfərdə 1:0 hesabı ilə qalib gəlmişdik, öz meydanımızda 0:4 uduzduq. Futbol belədir, nəsə demək olmur.
HƏBİB

